SOCAR prezidenti Çin nümayəndə heyəti ilə görüşüb
31 May 2016 16:35 SosialSOCAR-ın prezidenti Rövnəq Abdullayev Çin Milli Neft Korporasiyasının (CNPC) İdarə Heyətinin üzvü Vang Şi Honqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə, qonaqları səmimi salamlayan SOCAR prezidenti Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, bir çox sahələrdə faydalı əməkdaşlığın qurulduğunu vurğulayıb, Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatında, xüsusilə də enerji sektorunda iştirakının dövlətlərarası münasibətlərin möhkəmlənməsinə əhəmiyyətli töhfə olduğunu bildirib. Rövnəq Abdullayev SOCAR və CNPC arasında uzunmüddətli əməkdaşlığın mövcudluğunu nəzərə çatdıraraq, Çin şirkətinin ilk dəfə belə böyük nümayəndə heyəti ilə SOCAR-da olmasını yüksək qiymətləndirib. O, SOCAR və CNPC-nin birgə layihələrinin uğurla həyata keçirildiyini, iki şirkət arasında yaradılmış birgə müəssisənin səmərəli fəaliyyət göstərdiyini qeyd edib. Qonaq SOCAR-la münasibətlərin inkişafına böyük önəm verdiklərini, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinə çalışdıqlarını bildirib, SOCAR-ın həyata keçirdiyi geniş spektrli layihələrdə iştirak etməkdə maraqlı olduqlarını vurğulayıb.