Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində davamlı addımlar atılır

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində dövlət tərəfindən müntəzəm olaraq müvafiq tədbirlər həyata keçirilir, lazımı addımlar atılır. Bu istiqamətdə dövlətin müvafiq qurumları məqsədyönlü addımlar atır desək yanılmarıq.  Bu sırada Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətini də xüsusi qeyd etmək lazımdır.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 13 Fevral 2012-ci il tarixli Fərmanına əsasən "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək və müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.  Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturunda - Xidmətin aparatı, Xidmətin strukturuna daxil olan qurumlar (yerli idarələr, şöbələr və bölmələr) və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.), habelə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xidmətin vahid sistemini təşkil edir. Xidmət öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirirr. Xidmətin hərbi qulluqçuları "Hərbi vəzifə və hərbi xidmət haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanunlarına, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçir, Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər. Xidmətdə dövlət qulluqçuların qulluq keçməsi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun, dövlət qulluqçusu olmayan mülki işçilərlə əmək münasibətləri isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Xidmətin Əsasnaməsini və normativ hüquqi aktlarını rəhbər tutur. Bundan başqa Xidmət gənclərin vətənpərvərlik hisslərinin artırılması məqsədilə müxtəlif layihələr də həyata keçirir. Belə layihələrdən biri də "Vətənin müdafiəsinə hazıram!" mövzusunda keçirilən tədbirlərdir. Layihə çərçivəsində ilk belə tədbirə hələ keçən ilin dekabr ayında Xaçmaz rayonundan start verilib.

Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət   Xidməti (SHXÇDX) ilə Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran, Xızı Rayon İcra hakimiyyətlərinin birgə təşkil etdikləri "Vətənin müdafiəsinə hazıram!" mövzusunda kütləvi tədbir keçirilib. Xaçmaz rayonunda Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdə SHXÇDX-nin Xaçmaz, Şabran, Xızı, Siyəzən, Qusar, Quba rayon şöbə və bölmələrinin şəxsi heyəti, rayon icra hakimiyyətlərinin nümayəndələri, şəhid ailələri, müharibə veteranları, məktəblilər iştirak edib. Tədbiri giriş sözü ilə Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev açıb. Şəmsəddin Xanbabayev ilk dəfə olaraq "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbirin Xaçmazda baş tutmasına şərait yaratdığı üçün SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimova təşəkkür edib. Bu cür tədbirlərin regionlarda keçirilməsinin vacibliyindən danışan icra başçısı qeyd edib ki, müharibə şəraitində olan Azərbaycan dövlətinin gənclərinin vətənpərvər ruhda yetişməsi vacibdir: "Vətənərvərlik ruhunun gənclərə aşılanması ilə bağlı ilk tədbirin Xaçmazda, ölkənin şimal bölgəsində keçirilməsinin də öz səbəbi var. Bura sərhəd bölgəsidir. Bu regionun hər bir gənci, vətəndaşı vətənin müdafiəsinə hazır olmalıdır. Bu cür tədbirlərin keçirilməsinə göstərdiyi diqqətə görə, cənab prezident, Ali Baş Komandan İlham Əliyevə, xidmətin rəisi Arzu Rəhimova təşəkkür edirəm. Ümummilli lider Heydər Əliyevin qurduğu Azərbaycan respublikası əmin əllərdədir". Tədbirin davamında SHXÇDX rəisinin birinci müavini polkovnik Zaur Abdullayev çıxış edib. Gənclərin maarifləndirilməsi, vətənpərvər ruhda yetişdirilməsi baxımından bu cür tədbirlərin davamlı olaraq regionlarda keçirilməsinin vacibliyini diqqətə çatdıran Zaur Abdullayev deyib ki, bu gün müstəqilliyin qorunub saxlanılması, ölkədə hökm sürən sabitlik və dinamik inkişaf hər kəsi mütəşəkkil olmağa, daha sıx birləşməyə sövq edir. Zaur Abdullayev prezident İlham Əliyev tərəfindən Xidmət qarşısında hərbi vətənpərvərlik təbliğatı sahəsində qoyulan vəzifələrin uğurla yerinə yetirildiyini söyləyib: "Hər bir insan Vətən qarşısında məsuliyyət daşıyır. Bu məsuliyyət vətənimizin müdafiəsi, xalqımızın, millətimizin milli dəyərləri, milli maraqlarını qorumaq və öz vətəndaş borcunu dərk etməkdən ibarətdir. Mən fəxr hissi ilə qeyd edirəm ki, vətənimizin digər regionları kimi Şimal regionu da Azərbaycanın müstəqillik mübarizəsinə öz adını yazdırmış igid övladlarıyla seçilir. Səfərbərlik xidməti yaradıldığı gündən Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşısında qoyulan bir nömrəli vəzifə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsidir. Xidmət bu mühüm tapşırığı uğurla yerinə yetirməkdədir". Daha sonra polkovnik Zaur Abdullayev tədbirin təşkilatçılığında göstəriyi dəstəyə görə icra başcısı Şəmsəddin Xanbabayevə Xidmət adından xatirə plaketi təqdim edib. Zaur Abdullaev həmçinin Quba, Siyəzən, Şabran, Xızı rayon icra hakimiyyətlərinə də təşkilatçılıqda göstərdikləri dəstəyə görə xatirə plaketləri təqdim edib. Tədbirdə iştirak edən Şabran rayonundan şəhid atası Sədulla Qasımov, Xızı rayonundan Qarabağ müharibəsi veteranı İnqilab İsgəndərov, Qusar rayonundan şəhid atası Dövlətxan Həsrətov, Siyəzən rayonundan şəhid atası Əzizbala Əsəsdov, Quba rayonundan şəhid anası Rəna Cəfərova, Xaçmaz rayonundan Milli Qəhrəman atası Əlibala Şahbazov  polkovnik Zaur Abdullayev tərəfindən "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə" mükafatı ilə təltif ediliblər. Tədbirin gedişatında "Çağırışaqədərki hazırlıq" fənninin tədrisində səmərəli fəaliyyəti ilə fərqlənən hərbi rəhbərlər xidmətin idarə rəisi, polkovnik Rövşən Əlvəndov tərəfindən mükafatlandırılıblar. Tədbirdə məktəblilər adından Xaçmaz rayonundan Novruz Musayev çıxış edib. Məktəblilərdən bir neçəsi "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyətlərinə görə" mükafatı ilə təltif ediliblər. Böyük maraqla qarşılanan tədbirin bədii hissəsində əzəmətli səs sahibi Şəmistan Əlizamanlı çıxış edib. Şəmistan Əlizamanlı ifa etdiyi "İgid əsgər", "Cənab leytenant", "Can Azərbaycan" və "Bil oğlum" mahnıları ilə tədbir iştirakçılarında böyük ruh yüksəkliyi yaradıb. 

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsinin, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Xidmətin 2016-cı il üçün fəaliyyət planına əsasən, Goranboy Rayon İcra hakimiyyəti ilə birgə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin veteranları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev bildirib ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində belə tədbirlərin rolu böyükdür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov çıxışında təmas xəttində aprel ayının əvvəllərində baş vermiş döyüşlərdə Azərbaycan ordusunun düşməni ağır məğlubiyyətə uğradaraq regionun ən güclü ordusu olduğunu sübut etdiyini vurğulayıb. Tədbirdə şəhid ailəsinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb. Tədbirin bədii hissəsində Goranboy rayonunun müxtəlif məktəblərinin şagidləri və vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00