Rusiya Azərbaycan təcrübəsini öyrənir
25 May 2016 13:18 SosialRusiyanın Əmək və Məşğulluq Federal Xidmətinin nümayəndə heyətinin ölkəmizə səfəri başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfərdə məqsəd Azərbaycanda əmək münasibətlərinin elektron qeydiyyat sisteminin yaradılması sahəsində əldə olunmuş təcrübəni öyrənmək, habelə öz fəaliyyət sahələrində malik olduğu təcrübəni bölüşməkdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nümayəndə heyəti ilə keçirilən görüşdə nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə ölkəmizdə əmək hüquqlarının müdafiəsinin də dövlətin sosial siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb, Dövlət Əmək Müfəttişliyi Xidmətinin bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən bəhs edib. Nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyasının Əmək və Məşğulluq Federal Xidmətinin rəis müavini İvan Şkloves son illərdə Azərbaycanda əmək və sosial müdafiə sisteminin müasirləşdirilməsi və şəffaflaşdırılması məqsədilə aparılan islahatları maraqla izlədiklərini vurğulayıb. O, əmək, əmək münasibətlərinin elektron qeydiyyatı, məşğulluq, işsizliyin azaldılması, aktiv məşğulluq tədbirləri və digər müvafiq sahələrdə ölkəmizlə təcrübə mübadilələrinin aparılmasına xüsusi önəm verdiklərini diqqətə çatdırıb. Tədbir təqdimatlarla davam edib. Əvvəlcə əmək müqavilələrinin elektron qeydiyyat sistemi, onun texniki infrastrukturu, proqram təminatları, iş prinsipləri barədə ətraflı məlumatlar verilib. Hər bir bağlanan əmək müqaviləsinin, bu müqaviləyə dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq bildiriş formalarında "Elektron hökumət" portalı üzərindən "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidməti vasitəsilə elektron qaydada rəsmiləşdirilməsi proseduru əyani şəkildə nümayiş etdirilib. Daha sonra Rusiya Federasiyasının Əmək və Məşğulluq Federal Xidmətinin əməkdaşları Aleksandr Utolin, Olqa Korçemkina və Aleksandr Pimenov Xidmətin fəaliyyəti, habelə əməyin mühafizəsi sahəsində nəzarət və idarəetmə mexanizmləri barədə geniş təqdimatla çıxış ediblər. Tədbirdə hər iki ölkədə əhalinin məşğulluğu və işsizliyin azaldılması, aktiv məşğulluq tədbirlərinin təşkili, işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması, vakansiyaların monitorinqi və s. sahələrdə görülən işlər barədə də məlumat mübadilələri aparılıb.