TRIPP layihəsi Cənubi Qafqazda yeni geosiyasi və iqtisadi reallıqlar formalaşdırır- ÖZƏL
15:30 Siyasət"TRIPP layihəsinin praktiki icra mərhələsinə keçməsi Cənubi Qafqazda geosiyasi və iqtisadi münasibətlərin yeni mərhələyə daxil olması baxımından mühüm hadisədir. Bu layihəyə sadəcə Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması kimi yanaşmaq düzgün olmaz. Söhbət uzun illər münaqişə, qapalı sərhədlər və kommunikasiya məhdudiyyətləri ilə xarakterizə olunan regionun yeni iqtisadi xəritəsinin formalaşdırılmasından gedir. Azərbaycan üçün TRIPP-in əsas strateji əhəmiyyəti Naxçıvanla birbaşa quru əlaqəsinin təmin olunmasıdır. Bu, ölkəmizin ərazi bütövlüyü çərçivəsində nəqliyyat imkanlarının genişlənməsi, daxili kommunikasiyaların möhkəmlənməsi və Orta Dəhlizin əlavə imkanlar qazanması deməkdir. Eyni zamanda, bu marşrut Türkiyə ilə Azərbaycanın quru bağlantısının genişlənməsinə, Xəzər hövzəsindən Avropaya uzanan nəqliyyat şəbəkəsinin daha funksional olmasına şərait yarada bilər".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq qeyd edib ki, Ermənistan baxımından isə layihə uzun illər davam edən regional təcriddən çıxmaq, tranzit ölkəyə çevrilmək və yeni investisiyalar cəlb etmək imkanıdır:
"Burada diqqətçəkən məqam odur ki, Ermənistanın da iqtisadi maraqları Azərbaycanın kommunikasiya tələblərinin reallaşması ilə kəsişir. Bu, sülh prosesinə iqtisadi məzmun qazandıran mühüm amildir. Çünki nəqliyyat xətlərinin açılması tərəflər üçün qarşılıqlı iqtisadi maraq formalaşdırır və münaqişəyə qayıdışın mümkün nəticələrini daha ağır edir.
ABŞ-nin layihədə 74 faiz paya sahib olması, Ermənistanın isə 26 faizlə təmsil edilməsi ayrıca geosiyasi əhəmiyyət daşıyır. Söhbət ilkin 49 illik müddətdən və tərəflərin razılığı ilə daha 50 il uzadılması imkanından gedir. Bu mexanizm Vaşinqtonun Cənubi Qafqazda uzunmüddətli iqtisadi və strateji mövcudluğunu gücləndirə bilər. Eyni zamanda, ABŞ-nin prosesdə iştirakı regional kommunikasiyaların təhlükəsizliyi və davamlılığı üçün əlavə beynəlxalq təminat mexanizmi yarada bilər.
Lakin burada mühüm bir hüquqi prinsip var: layihənin iqtisadi operatorunun pay bölgüsü ilə ərazi üzərində suverenlik və dövlət yurisdiksiyası eyni anlayışlar deyil. Ermənistan ərazisində gömrük, sərhəd və təhlükəsizlik səlahiyyətlərinin hansı mexanizmlə həyata keçiriləcəyi, Azərbaycanın Naxçıvana maneəsiz keçidinin necə təmin olunacağı praktik icranın əsas göstəricilərindən olacaq.
Mən hesab edirəm ki, TRIPP-in uğuru yalnız dəmir yolunun və avtomobil magistralının tikilməsi ilə ölçülməyəcək. Əsas məsələ siyasi razılaşmaların real, təhlükəsiz və maneəsiz nəqliyyat sisteminə çevrilməsidir. Azərbaycan üçün prinsipial məsələ Naxçıvanla etibarlı bağlantının təmin edilməsidir. Region üçün isə bu layihə qarşıdurma coğrafiyasından əməkdaşlıq coğrafiyasına keçidin iqtisadi əsasını yarada bilər. ABŞ-nin iştirakı yeni geosiyasi balans formalaşdırsa da, bu balansın dayanıqlılığı regional dövlətlərin suveren maraqlarının qorunmasından asılı olacaq".
Zeynəb Mustafazadə