Azərbaycan-İtaliya əlaqələrinin 35 illiyi ərəfəsində böyük razılaşmalar: Nələr gözlənilir? – ÖZƏL

Elçin Xalidbəyli: "İtaliya şirkətləri Azərbaycana investisiyaları artırır"

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Antonio Tayani ilə birgə mətbuat konfransında ikitərəfli münasibətlərin sürətlə inkişaf etdiyini və gələn il diplomatik əlaqələrin 35 illiyinin qeyd olunacağını bildirib. Nazirin sözlərinə görə, siyasi məsləhətləşmələr davamlı aparılacaq, indiyədək 65 sənəd qəbul edilib, 20-yə yaxın sənəd isə müzakirə mərhələsindədir. Danışıqlarda iqtisadi əməkdaşlıq ön planda olub; İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ölkədə qeydiyyatdan keçmiş 167 İtaliya şirkətindən 124-ü fəal işləyir.

Sözügedən mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi ekspert Elçin Xalidbəyli bildirib ki, Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq səviyyəsində olan münasibətlər hər iki ölkə üçün böyük önəm daşıyır. İtaliya Azərbaycanın enerji resurslarının əsas alıcılarından biridir. Eyni zamanda, İtaliya şirkətlərinin Azərbaycanda genişmiqyaslı iqtisadi fəaliyyəti və biznes əlaqələri də hər iki ölkə üçün qarşılıqlı faydalı əməkdaşlıq istiqamətlərindən biridir. Hazırda bu münasibətlər yüksələn xətlə inkişaf edir və əməkdaşlıq davamlı şəkildə genişlənir. Ən əsası isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun da qeyd etdiyi kimi, İtaliya Azərbaycanın əsas iqtisadi-ticari tərəfdaşlarından biridir. Hər iki ölkə bu istiqamətdə fəaliyyətini daha da aktivləşdirməkdə davam edir. Hazırda verilən məlumatlara görə, 20-yə yaxın yeni ikitərəfli sənədin imzalanması mərhələsinə hazırlıq görülür. Bu da onu göstərir ki, Azərbaycan-İtaliya münasibətlərinin perspektivi olduqca yüksəkdir və əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur.

Ekspertin fikrincə, yeni əməkdaşlıq sahələri üzrə sənədlərin imzalanmasından sonra iki ölkə arasındakı münasibətlərin daha yüksək səviyyəyə qalxması ehtimalı kifayət qədər böyükdür. Eyni zamanda, İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi ölkəmizə yeni xarici investisiyaların cəlb olunması və əlavə investisiya mənbələrinin açılması deməkdir. Bu xarici investisiyalar Azərbaycanın inkişafı və iqtisadiyyatının şaxələndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bütün bunlar onu göstərir ki, yaxın gələcəkdə qarşılıqlı münasibətlərin daha perspektivli istiqamətlərdə inkişafı üçün münbit şərait mövcuddur. Böyük ehtimalla, hər iki tərəf bu inkişaf imkanlarını və qarşılıqlı faydalı tərəfdaşlıq perspektivlərini maksimum səviyyədə dəyərləndirmək istiqamətində qətiyyətli mövqe nümayiş etdirəcək.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00