Kartof sahələrinə ciddi ziyan dəyib

Kənd Təsərrüfatı Nazirliyi hava şəraitinin kəskin pisləşməsilə bağlı yerlərdə kənd təsərrütafına dəyən ziyanla bağlı açıqlama verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, mayın 23-ü saat 18:30-dan etibarən yağan güclü dolu Ağdam rayonunun Əfətlili, Qaradağlı, Zərgişalı, Çəmənli, Əhmədağalı, Qərvənd kəndlərinin ərazisindəki təsərrüfatlara ziyan vurub: "Hazırda yerli fövqəladə hallar komissiyası araşdırmalar aparır, dəyən ziyanın nəticələri müəyyənləşdirilir. Məlum olub ki, əsasən taxıl sahələrinə, həmçinin arpa sahəsinə, meyvəçilik və tərəvəzçiliyə ziyan dəyib. Daşkəsən rayonunda yağan dolu səbəbiylə taxıl sahələrinə, 60 hektara yaxın kartof sahəsinə ziyan dəyib. Şəmkir rayonun Tatarlı, Hacıalılı, Zəyəm kəndlərində də kartof və taxıl sahələrinə müəyyən qədər ziyan dəyib. Eyni zamanda Tovuz rayonunda tərəvəz, xüsusilə də kartof sahələrinə ziyan dəyib". M.Hacıyev təsərrüfatlara dəyən ziyanın ümumi məhsul istehsalına ciddi təsiri olmayacağını qeyd edib: "Təsərrüfatlara dəyən ziyan ümumi məhsul istehsalına təsir etməyəcək. Hər hansı qıtlıq və bahalıq gözlənilmir. Hansı fermerlər ki, sahələrini sığortalayıb, dəyən ziyan sığorta şirkəti tərəfindən ödəniləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00