Türkiyə mətbuatı Bakının turizm imkanlarından yazdı

Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyi olan "Gateway" şirkəti tərəfindən ölkəmizin turizm potensialının işıqlandırılması məqsədilə Türkiyənin aparıcı kütləvi informasiya vasitələri nümayəndələri üçün Azərbaycana press-tur keçirilib. Səfər çərçivəsində Bakı şəhəri ilə tanışlıq keçirilmiş, Dağüstü Park, Xalça Muzeyi, Bayraq Meydanı, İçərişəhər Tarix- Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı, Qız Qalası, Heydər Əliyev Mərkəzi, Atəşgah Məbədi, Yanardağ, Bakının bir sıra muzey və incəsənət obyektlərinə ziyarət edilib. "OLAYLAR"-ın xəbərinə görə, səfərin nəticəsi olaraq Türkiyə mətbuatında Bakının tarixi, mədəniyyəti, əhalisi və görməli yerləri haqqında müxtəlif məqalələr dərc olunub. Məqalədə ilk olaraq, Bakı haqqında təəssürat yaradan Heydər Əliyev adına Hava Limanının digər Avropa ölkələrinin hava limanlarından heç də geri qalmadığını, təmizliyi və gözəlliyi ilə hətta bəzilərindən öndə olduğu qeyd olunub. Bakının ən qədim hissəsi olan İçərişəhərin qədimliyi ilə turistləri özünə cəlb etdiyi vurğulanır. İçərişəhərin əsas tarixi abidələri sırasında Şirvanşahlar Sarayı və Qız Qalasının adı xüsusilə qeyd olunur. Məqalələrdə Azərbaycanın mətbəxi, əhalisi, mədəniyyəti, təhsili, iqtisadiyyatı və s. haqqında məlumatlar da öz əksini tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00