Paytaxtda adamşərləyənlər peyda olub

“Pul verməsən polisə şikayət edəcəyik”

Paytaxt Bakıda insanları şantaj edərək pul qoparmağa cəhd edən xüsusi qruplar peyda olub. Əksəriyyəti qadınlardan ibarət olan belə qruplar əsasən paytaxtın qızıl mağazaları ətrafında dolaşırlar. Bu barədə "Olaylar"a məlumat verən Bakı sakininin bildirdiyinə görə, qrupa daxil olan qadınlar qızıl dükanlarına daxil olan şəxsləri nəzarətdə saxlayırlar. Alış-veriş edib dükandan çıxmaq istəyəndə isə qəsdən toxunurlar. Beləliklə də öz şikarlarını şərləyirlər: "Qızıl mağazasında işimi bitirib dükanı tərk etmək istəyirdim. Birdən qapının ağzında iki qadın çantasını qəsdən mənim çantama toxundurdu. Vəziyyəti anlamadığımı görən qadınlar özləri dərhal reaksiya verərək məni ittiham etməyə başladılar. Bildirdilər ki, guya mən onların çantasından oğurluq etmək istəyirmişəm. Qadınlar bir-birlərinə dəstək verərək onları razı salmağımı tələb etdilər. Əks halda polis çağıracaqları ilə hədələdilər. Qısa söhbətdən sonra mənim özümdən çıxdığımı görən qadınlar polisə müraciət etmək adı ilə hadisə yerindən uzaqlaşdılar". "Olaylar"ın əldə etdiyi məlumata görə, artıq paytaxtın bir neçə qızıl dükanında analoji hadisə baş verib. Hətta həmin qadınların polislə əlbir işlədiklərini söyləyənlər də var. Bildirilir ki, hazırda paytaxtın əksər qızıl dükanlarında kameralar quraşdırıldığından belə hadisələr mağazanın daxilində deyil, çıxış qapıları ətrafında baş verir. Bunu isə təsadüfi hadisə kimi qələmə vermək sadəlövlük olardı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00