Bank tərəfindən məhkəməyə verilən şəxs hansı addımı atmalıdır?
Vəkilsiz məhkəməyə gedən borclu özünü ağır hüquqi duruma salır
24 May 2016 12:49 SosialKeçən ilin sonlarında ölkədə baş verən devalvasiya prosesindən sonra banklarla bu maliyyə qurumuna kredit borcu olan vətəndaşlar arasında ciddi problemlər meydana çıxdı. Bankların vətəndaşın devalvasiyadan əvvəl götürmüş olduğu kredit borcunu dolların yeni məzənnəsinə uyğun hesablaması haqlı narazılıqlara səbəb oldu. Hətta bu problem əksər hallarda vətəndaşın banka olan kredit borcunu ödəməməsinə də gətirib çıxardı. Bu isə bankın vətəndaşı kredit borcuna görə məhkəməyə vermək kimi mənfi bir president yaratdı. Bir sıra hallarda vətəndaş öz hüquqlarını bilmədiyi üçün məhkəmədə müdafiəsini təmin edə, prosesdən minimum imki ilə çıxa bilmədi. Maraqlıdır, bank vətəndaşı məhkəməyə verdiyi halda ikinci tərəf nə etməli və hansı addımları atmalıdır? Yaxud borclu barədə çıxarılan məhkəmə qərarlarının icrası nə qədər müddət ərzində həyata keçirilir?
Hüquqşünas Asif Abduillayev deyir ki, məhkəməyə verilən vətəndaş ilk növbədə vəkilə müraciət etməlidir. Onun sözlərinə görə, vəkilə müraciət etmək vətəndaşa ona görə lazımdır ki, peşəkar hüquqşünas yaranmış hüquqi vəziyyəti daha düzgün analiz edə və lazımi hüquqi addım ata bilər: "Nəzərə almaq lazımdır ki, borclunun maraqları naminə bəzi hərəkətlər yalnız birinci instansiya məhkəməsində edilə bilər. Yəni iddia müddətinin ötürülməsi ilə bağlı ərizə, zəruri sübutların təqdim edilməsi, qarşılıqlı iddia və s. Bəzən vəkilsiz məhkəməyə gedən borclu bu zəruri addımları atmır və bununla da özünü ağır hüquqi duruma salır". Hüquqşünas deyir ki, vəkilə müraciət etmək imkanı olmayan şəxslər məhkəmədən gələn hər bir sənədi, çağırış vərəqəsi, qətnamə, qərardad, məhkəmə əmri və digər sənədləri diqqətlə oxumalıdırlar. Bütün sənədlərin sonunda hansı qərarın qəbul edilməsi və həmin qərardan şikayət edilmə müddəti və qaydası yazılır: "Məhkəməyə çağırış barədə sənədi rəsmi qaydada aldıqda, məhkəməyə getmək lazımdır. Məhkəmə prosesində iştirak etdiyiniz təqdirdə, bankın iddiasına dair öz etirazlarınızı bildirə, zəruri sənədlər təqdim edə və ya digər addımlar ata bilərsiniz. Məhkəməyə gəlməməyinizin üzrlü səbəbləri barədə məlumat verməmisinizsə, məhkəmə sizin iştirakınız olmadan işə baxa bilər". Asif Abdullayevin sözlərinə görə, məhkəməyə verilmiş borclu məhkəmədə işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək hüquqlarına malikdir. Hüquqşünas onu da diqqətə çatdırıb ki, məhkəmənin qərarından vaxtında şikayət edilmədikdə, qərar qüvvəyə minir və icrası məcburi olur: "Bu səbəbdən də, əgər məhkəmə qərarından narazısınızsa, vaxtında şikayət edin. Əgər şikayət müddəti üzrlü səbəbdən ötürülübsə, məhkəmə bunu nəzərə ala bilər. Borcun ödənilməsi barədə məhkəmə qərarı isə iki formada qəbul oluna bilər. Məhkəmə əmri və məhkəmə qətnaməsi.
Məhkəmə əmri tərəflərin iştirakı olmadan qəbul edilir. Əgər borclu şəxs məhkəmə əmrini alıbsa və hesablanan məbləğlərlə və s. səbəbdən həmin əmrlə razı deyilsə, əmri rəsmi aldığı tarixdən 10 gündən gec olmayaraq məhkəməyə yazılı şəkildə etiraz ərizəsi göndərməlidir. Belə olan halda, əmr ləğv ediləcək və bankın iddiasına məhkəmə tərəfindən yenidən baxılacaq. Əgər borclu şəxs məhkəmə qətnaməsi alıbsa və onunla razı deyilsə, aldığı tarixdən bir ay müddətində həmin qətnamədən apellyasiya şikayəti verə bilər Apellyasiya şikayəti yazılı qaydada işə baxmış rayon məhkəməsinə verilir. Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməlidir. Əgər banka olan borcunuz 500 manatadək məbləğdədirsə - 10 manat, əgər 500 manatdan yüksəkdirsə - 15 manat rüsum ödəmək lazımdır. Apellyasiya məhkəməsinin qətnaməsindən rəsmi qaydada alındıqdan sonra iki ay ərzində Ali məhkəməyə şikayət vermək olar. Qanunvericiliyə əsasən, Ali məhkəməyə verilən şikayətləri vəkil tərtib etməli və imzalamalıdır, eyni zamanda, şikayətə vəkilin orderi əlavə edilməlidir. Kredit borcuna dair məhkəmə əmri əgər ondan şikayət verilməsə - 10 gün, rayon məhkəməsinin qətnaməsi - bir ay, apellyasiya məhkəməsinin qətnaməsi iki ay, Ali Məhkəmənin qərarı - elan edildikdən sonra dərhal qüvvəyə minir. Əgər məhkəmənin qeyd edilən qərarlarından vaxtında şikayət verilsə, həmin qərar qüvvəyə minmir və növbəti məhkəmə instansiyasına baxışa göndərilir". Asif Abdullayev onu da diqqətə çatdırıb ki, əgər kredit borcunun qaytarılması barədə məhkəmə qərarı qüvvəyə minibsə, bir müddətdən sonra o qərar icra edilməsi üçün icra məmurlarına göndəriləcək: "İcra məmuru borcluya 10 gün ərzində qətnamənin könüllü olaraq icrası üçün vaxt verir. Məsləhət görülür ki, əgər üzrlü səbələrdən borcu ödəmək imkanında deyilsinizsə, həmin 10 gün ərzində rəsmi qaydada icra məmuruna məktub göndərin və məktubda üzrlü səbəbdən qətnaməni icra edə bilməyəcəyinizi əsaslandırın".
Kamal