İcbari tibbi sığortanın tətbiqinə kim maneə olur?
Özəl klinikalar, yoxsa işəgötürənlər?
24 May 2016 12:47 Sosial1999-cu ildə Milli Məclisdə "İcbari tibbi sığorta haqqında" qanun qəbul olunub. 2007-ci ildə isə ona əlavə və dəyişikliklər edilib. Qanuna uyğun olaraq prezidentin sərəncamı ilə Dövlət İcbari Tibbi Sığorta Agentliyi yaradılıb. İcbari tibbi sığortanın həyata keçirilməsi üçün hər il büdcədən maliyyə vəsaiti ayrılır. Amma hər il də icbari tibbi sığorta tətbiq edilmədiyi üçün həmin vəsait büdcəyə qayıdır. Dövlət rəsmiləri hər dəfə gələn ildən icbari tibbi sığortanın həyata keçiriləcəyini, bununla bağlı qurumun yaradıldıöğını, qanunvericiliyin təkmilləşdirildiyini dilə gətirsələr də fakt ondan ibarətdir ki, hələlik əhalinin mütləq əksəriyyəti bi mexanizmdən yaralana bilmir. Maraqlıdır, görəsən hansı ciddi arqumentlər icbari tibbi sığortanın reallaşmasına imkan vermir?
Məlumat üçün qeyd edək ki, sözügedən mexanizmin reallaşmasına mane olan amillərdən birinin özəl klinikalar olduğu bildirilir. Əldə olunan məlumata görə, klinikalar üçün hazırda tətbiq olunan mexanizm daha sərfəlidir. Çünki hazırki şəraitdə heç bir məsuliyyət daşımayan özəl klinikalar göstərdikləri xidmətlərə görə istədikləri qiyməti müəyyən edirlər ki, buna görə, onlara "gözün üstə qaşın var" deyən yoxdur. Daha dəqiq, müalicə və müayinənin keyfiyyətinin fərqində olmayan klinikalar tanınmış yerli və xarici həkim-mütəxəssisləri dəvət edərək şərikinə işləyirlər. Axtarsan belə əməkdaşların böyük əksəriyyəti ilə heç əmək müqaviləsi də bağlanmır. Bu səbədən də özəl klinikalarda ağır cərrahiyə əməliyyatları 15-20 min cuvarına qədər yüksələ bilir. Kiçik bir müqayisə aparsaq dediklərimizi nə qədər həqiqətə uyğun olduğunu təsdiq etmiş olarıq. Məsələn, istənilən özəl klinikada təbii doğuş üçün qiymətlər 900 manatdan başlayır. Lakin dövlət xəstəxanalarda buna görə 300 manat ödənilməsi mümkündür. Təbii ki, belə halda heç bir müəssisə icbari tibbi sığortanın tətbiqi zamanı işçisi üçün 600 manat əlavə vəsait ödəmək istəməyəcək. Deməli, adi bir əməliyyatdan 600 manat itirən özəl klinikalara icbari tibbi sığorta qətiyyən marağında ola bilməz. Digər tərəfdən, ölkədə pasientlərin hüquqlarının müdafiəsi haqqında qanun olmadığından ümumilikdə klinikalar səhv qoyulmuş diaqnoza görə heç bir məsuliyyət daşımırlar. İcbari tibbi sığortanın tətbiqi isə məsuliyyət məsələsini gündəmə gətirir. Milli Məclisinin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, icbari tibbi sığortanın reallaşdırıla bilməməsinin səbəbləri çoxdur, əsas da obyektiv səbəblərdir. Lakin görülmüş tədbirlər nəticəsində sistemin həyata keçirilə bilməsi üçün demək olar bütün maneələr aradan qaldırılıb: "Birinci növbədə o səbəblər səhiyyə sisteminin yenidən qurulması ilə bağlı idi. Artıq yeni, modern səhiyyə sistemi qurulub, əmək bazarının formalaşması, sığorta sisteminin inkişafı ilə də bağlı problemlər həllini tapır. Azərbaycanda icbari tibbi sığorta tətbiq olunmasına heç bir maneə yoxdur. Gələn ildən pilot rayon seçiləcək və orada icbari tibbi sığorta tətbiq olunacaq. Həmin rayonun ardınca bütün ölkədə tədricən icbari tibbi sığortaya keçiriləcək. Bu, çox vacib məsələdir. Çünki yeni situasiya, neftin qiymətinin düşməsi, dünya bazarındakı maliyyə böhranı və bu prosesin daha dərinləşəcəyinin gözlənməsi bizi vadar edir ki, icbari tibbi sığortaya tez keçək". Deputat qeyd edib ki, icbari tibbi sığortaya keçid xidmətin keyfiyyətinin yaxşılaşmasına və israfçılığın qarşısını almağa kömək edəcək: "Hökumət də bu məsələ üzərində ciddi düşünür. Artıq yaxın zamanlarda bunun əyani tətbiqini görə biləcəyik".
Qeyd edək ki, hazırda cəmiyyəti düşündürən əsas məsələlərdən biri icbari tibbi sığortanın hamı üçün əlçatan olmasıdır. Lakin hələlik icbari tibbi sığorta haqqının nə qədər olacağı dəqiq müəyyən edilməyib. Çünki icbari tibbi sığortanın haqqı bu paketə daxil olacaq xəstəliklərin növündən asılıdır. Daha dəqiq, əvvəlcə məlum olmalıdır ki, hansı xəstəliklər icbari tibbi sığorta paketinə daxil olunacaq, sonra isə onun qiyməti müəyyən edilə bilər. Hələlik isə özəl klinikalar qarşısında aciz qalan aidiyyati qurumlar bu məsələ üzərində baş sındırmaqla məşğuldurlar. Zarafat deyil ki, icrari tibbi sığorta mexanizmi tətbiq edəsən, özəl klinikaların maraqlarını nəzərə almayasan. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildiriblər ki, Azərbaycan vətəndaşı olan və Azərbaycanda yaşayan hər bir şəxs icbari tibbi sığortadan yararlana biləcək. Hətta bəzi sahələrdə insanların fəaliyyəti mövsümi olduğu üçün həmin vətəndaşlara müvafiq gəlir intervalına uyğun ödəniş etmək imkanı yaradıla bilər. İcbari tibbi sığorta haqqı nə qədər olacağına gəlincə, bu sualı dəqiq cavablandılrmaq üçün öncə icbari tibbi sığorta paketinə hansı xidmətlərin daxil olacağını müəyyənləşdirilməlidir. Ardınca xidmətlərin dəyəri hesablanmalıdır. Daha sonra, bu xidmətlərdən yararlanacaq şəxslərin sayı hesablanmalıdır. Buna uyğun olaraq icbari tibbi sığorta haqqı müəyyənləşdirilə bilər. Ancaq ümumi yanaşma ondan ibarətdir ki, insanların sığorta ödənişləri onları yoxsullaşma riskindən azad etsin, işəgötürənlər tərəfindən ödənişlərin edilməsi süni işsizlik yaratmasın. Eyni zamanda, dövlətdən ayrılan vəsaitlər də tibbi xidmət xərclərinin qarşılanması üçün müvafiq həcmdə olmalıdır. Hətta ola bilər ki, ödəmə qabiliyyətinə malik əhali tibbi sığort xərclərini özü ödəyəcək, müəyyən əhali qrupları üçün dövlət tərəfindən vəsaitlərin cəlb edilməsi nəzərdə tutula bilər. Açıqlamadan məlum olur ki, yenə də icbari tibbi sığortanın ağırlığı vətəndaşların üzərinə düşə bilər. Belə ki, işəgötürənlər tələb olunan vəsaitin cüzi hissəsini ödəməklə yaxalarını kənara çəkə bilər ki, nəticədə müalicə və müayinə üçün lazım olan böyük həcmli vəsaiti vətəndaş özü ödəməli olacaq. Yenə də itirən klinikalar, işəgötürənlər yox, vətəndaşlar olacaq. Çox güman ki, hələlik müvafiq qurumlar bu mexanizmi reallaşdırmağa risk etmədiklərindən icbari tibbi sığortanın tətbiqi yubadılır. Lakin nəzərə alınmalıdır ki, bütün dünyada icbari tibbi sığorta sosial həmrəylik prinsipinə əsaslanır. Odur ki, yaşından, sosial statusundan, sağlamlıq vəziyyətindən və gəlirindən asılı olmayaraq bütün insanlar bu sığorta proqramında iştirak etməlidirlər. Çünki, obyektiv səbəblərdən istənilən ölkə əhalisinin on faizinin əlil olması mümkündür, üstəlik hər bir ölkədə təqaüdçülər, uşaqlar var. Yəni, mümkündür ki, sosial vəziyyəti aşağı olan insanların tibbi xərcləri dövlət tərəfindən ödənilməsi mümkündür. Xidmətlər zərfinin tərkibi isə xəstəliklərin ciddiliyi, sosial əhəmiyyəti, insanları yoxsullaşdırma riski və bu kimi digər amillərdən asılı ola bilər.
Alim