Təhsil naziri Qətərə səfər edib

Təhsil naziri Mikayıl Cabbarov Dohaya səfər edib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində təhsil naziri Mikayıl Cabbarov Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi ilə görüş keçirib. Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. Mikayıl Cabbarov "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində təhsil islahatları barədə qətərli həmkarına ətraflı məlumat verib. Daha sonra təhsil naziri Qətər Universiteti və Həməd bin Xəlifə Universitetini ziyarət edərək hər iki ali təhsil müəssisəsinin prezidentləri ilə görüşüb. Görüşlər zamanı təhsil sahəsində əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinin, birgə elmi tədqiqatların həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Səfər çərçivəsində təhsil nazirinin Qətər Fondu və "Təhsil Şəhəri"nə ziyarəti baş tutub. Nazirə Qətər Dövlətinin təhsil sahəsindəki nailiyyətləri, həyata keçirilən bir sıra layihələr haqqında məlumat təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00