Xaricdəki Gənclər Təşkilatlarının Koordinasiya Şurası fəaliyyətinin əlaqələndirilməsi “İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçiriləcək

"İRƏLİ" İctimai Birliyinin təşəbbüsü ilə İstanbul şəhərində keçirilən "Xaricdən milli baxış" Forumunun iştirakçıları birgə bəyanat yayıb. İctimai Birlikdən "OLAYLAR"-a daxil olan bəyanatda deyilir ki, biz, dünya Azərbaycanlıları olaraq ölkəmizi xaricdə təmsil etməkdən qürur duyur və bunun məsuliyyətini öz üzərimizdə hər zaman dərk edirik. Məqsədimiz ölkəmizlə bağlı doğru informasiyaları, Azərbaycanın qısa müddət ərzində keçdiyi inkişaf yolunu, xalqımıza xas olan milli dəyərləri, Ermənistanın xalqımıza qarşı törətdiyi soyqırım və işğalçılıqsiyasətini yaşadığımız ölkələrin, eləcə də dünyanın diqqətinə çatdırmaq, ədalətin bərqərar olunmasına nail olmaqdır: "Biz, Forum iştirakçıları olaraq bütün dünyadakı Azərbaycanlı gənclərə müraciət edərək bildiririk ki, indi dünyada baş verən proseslər daha yaxın olmağımızı, daha sıx birləşməyimizi, müstəqil Azərbaycan üçün daha çox işlər görməyi zəruri edir. Bundan irəli gələrək Forum iştirakçıları tərəfindən yaradılan Xaricdəki Gənclər Təşkilatlarının Koordinasiya Şurası bundan sonrakı fəaliyyətini mərkəzləşdirilmiş formada həyata keçirməyi, xaricdəki gənclər təşkilatlarının ictimai-siyasi proseslərdə mövqeyinin gücləndirilməsini qarşıya məqsəd qoyub. Forum iştirakçılarının ümumi razılığı əsasında Xaricdəki Gənclər Təşkilatlarının Koordinasiya Şurası fəaliyyətinin əlaqələndirilməsi "İRƏLİ" İctimai Birliyi tərəfindən həyata keçiriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31