“Təmiz Binəqədi –Təmiz İdeya”
26 Yanvar 2015 14:10 Sosial2003-cü ildən uğurla həyata keçirilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları paytaxtdan tutmuş əyalətlərə qədər ölkəmizin simasını əsaslı dərəcədə dəyişib. Proqram çərçivəsində son 12 ildə görülən işlər, həyata keçirilən infrastruktur layihələri Azərbaycanın sürətli inkişafına zəmin yaradıb. Sözügedən proqramlar bu gün paytaxt rayonlarında da uğurla icra edilməkdədir. Bu sırada Binəqədi rayonunu xüsusi qeyd etmək lazımdır.
Paytaxtın ən qabaqcıl rayonu
Bir vaxtlar neft gölməçələrindən keçilməz olan, mazut qoxusu verən Binəqədi rayonu bu gün öz gözəlliyi, həyata keçirilən infrastruktur layihələri ilə paytaxt rayonlarını geridə qoyub. Rayonun inzibati ərazisinə daxil olan 5 qəsəbə, eləcə də mikrorayonlar sözün əsil mənasında tikinti meydançasını xatırladır. Hər bir qəsəbə və məhəllədə həyata keçirilən infrastruktur layihələri, quruculuq-abadlıq işləri Binəqədini paytaxtın ən qabaqcıl rayonlarından birinə çevirib. Son bir neçə il ərzində rayon ərazisində bir çox infrastruktur obyektlərinin açılışı belə deməyə əsas verir. Belə ki, Tbilisi prospektində "20 Yanvar" dairəsindən başlayan yol ötürücüsü, Atatürk və Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən yol qovşağı, Xırdalan - Binəqədi və Biləcəri - Binəqədi avtomobil yolu, Cavadxan və Alı Mustafayev küçələrinin kəsişməsində tikilən yol ötürücüsü, Metronun "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül" stansiyaları, Bakı Avtovağzal Kompleksi, Bakı Tennis Akademiyası, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılışı, Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkının əsaslı təmiri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yenidənqurulması kimi əlamətdar hadisələr rayonun infrastruktur sahəsində böyük irəliləyişə səbəb olub.
Bakının tikinti meydançası
Xüsusilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2012-ci il, aprelin 26-da imzaladığı sərəncam əsasında Xaləddin İsgəndərovun Binəqədi Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsindən sonra rayon ərazisində həyata keçirilən quruculuq-abadlıq işlərində bir canlanma yaranıb. Hər ay rayon ərazisində demək olar ki, bir neçə istehsal müəssisəsi və ya digər obyektlərin istifadəyə verilməsi deyilənlərin sübutudur. Təsadüfi deyil ki, bu gün Binəqədi rayonu paytaxt Bakının tikintisi meydançası kimi də xarakterizə edilir. Məlumat üçün qeyd edək ki, cənab Xaləddin İsgəndərovun icra hakimiyyətinin başçısı təyin edilməsindən bu günə qədər Prezident İlham Əliyev 13 dəfə Binəqədi rayonunda olub ki, dövlət başçısının hər bir gəlişi yeni-yeni binalar, istehsal müəssisəsi və digər infrastruktur obyektlərinin açılışına təsadüf edib.
Binəqədi rayonunda bütün sahələr kimi təhsil və səhiyyə sisteminin inkişaf etdirilməsi, bu sahədə yeni infrastrukturun yaradılması istiqamətində də davamlı işlər görülür. Belə ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Binəqədi rayonunda 16 məktəbdə, 2 musiqi məktəbində, 13 bağçada təmir-tikinti işləri başa çataraq istifadəyə verilib. Rayon ərazisində səhiyyənin inkişafı istiqamətində də ciddi dəyişikliklər baş verib. Sulutəpə və 28 May qəsəbələrində həkim məntəqələrinin tikintisi, o cümlədən Binəqədi qəsəbəsində yerləşən 15 saylı poliklinikanın əsaslı təmir işləri və Rəsulzadə qəsəbəsində yerləşən 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının tikintisini buna misal göstərmək olar.
Binəqədi rayonunda qeydə alınan və bütün rayon sakinləri tərəfindən müsbət qiymətləndirilən addımlardan biri də Rayon İcra Hakimiyyəti başçısının mütəmadi olaraq keçirdiyi səyyar görüşlər və "Sakinlərin Müraciət Xidməti"nin yaradılmasıdır. Məlumat üçün qeyd edək ki, Rayon İcra Hakimiyyəti başçısının 2013-cü il, 13 fevral tarixli Sərəncamı ilə "Sakinlərin Müraciət Xidməti- 1646″ (SMX-1646) istifadəyə verilib. Bu xidmət sahəsinin yaradılmasında məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmət səviyyəsini yüksəltmək, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına xidmət etmək, bununla da dövlət orqanı ilə cəmiyyət arasında əlaqəni gücləndirməkdən ibarətdir. Sakinlərin Müraciət Xidmətinin yaradılması dövlət orqanı ilə əhalinin əlaqələrini möhkəmləndirir, bu orqanlara müraciət edənlər həm məlumat almaq, həm də şikayətlərini daha çevik və operativ şəkildə müvafiq dövlət orqanına çatdırmaq imkanı əldə edir.
Binəqədi rayonunda inanclı insanlar da daim diqqətdə saxlanılır, onlar üçün lazımı şərait yaradılır. Bu məqsədlə davamlı şəkildə dini ibadətgahlar, məscid və digər ibadət məkanları yenilənir, müqəddəs yerlərdə quruculuq-abadlıq işləri aparılır.
Paralel olaraq rayonda yeni ibadət məkanları da tikilib istifadəyə verilir. Elə ötən ilin sonlarında rayon ərazisində yeni məscidin tikilib inanclı insanların istifadəsinə verilməsinin fonunda da bunu görmək mümkündür. Məlumat üçün qeyd edək ki, Cənubi Qafqazın ən böyük məscidi kimi tanınan Heydər Əliyev məscidi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı ilə inşa olunub. Yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Ümumi sahəsi 4200 kvadratmetr olan məscid hündürlükləri 55 metr və 35 metr olan baş və ikinci günbəzdən ibarətdir. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub.
Neft gölməçələrindən "Təmiz Binəqədi"yə
Binəqədidə paytaxt və əyalətlər, ümumilikdə respublika üçün örnək ola biləəcək tədbirlər sırasında "Təmiz Binəqədi" layihəsini xüsusi qeyd etmək lazımdır. 2014-cü il, iyulun 1-dən rayon ərazisində mərhələli şəkildə həyata keçirilən "Təmiz Binəqədi" layihəsi Rayon İcra Hakimiyyəti başçısının 2014-cü il, iyunun 19-da imzaladığı sərəncamla təsdiq edilib və bu məqsədlə Tədbirlər Planı müəyyyən olunub. Layihənin məqsədi 2015-ci il, iyunun 12-də Bakı şəhərində start götürəcək Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdir.
Ümumilikdə "Təmiz Binəqədi" layihəsi çərçivəsində rayon ərazisində çoxsaylı iməciliklər keçirilib. Bundan başqa 2000 ədəd məişət tullantıları konteynerlərinin üzərində "Təmiz Binəqədi" sözləri yazılıb və loqosu vurulub, məişət tullantısı daşıyan xüsusiləşdirilmiş maşınların yük hissəsində bortun üzərində rayonun görüntüləri fonunda "Təmiz Binəqədi" loqosu yerləşdirilib. Məişət tullantılarının çeşidlənməsi tədbirinin keçirilməsi istiqamətində 2015 ədəd məişət tullantılarının yeşikləri rənglənib və loqolar yeşiklərin üzərinə yapışdırılıb. Həmçinin Azadlıq prospektində yerləşən animasiyalı binalarda "Təmiz Binəqədi" layihəsinin loqosu əks etdirilib, rayon ərazisində olan monitorlarda video çarxlar nümayiş olunub. Parklarda və yaşıllıq zonalarında işıqlandırılmış banerlər yerləşdirilib, Azadlıq prospektində yerləşən keçidin hər iki tərəfində və Rəsulzadə qəsəbəsi ərazisində yerləşən Dəmiryol körpüsünün hər iki tərəfinə "Evimizi təmiz saxlayaq, Binəqədi evimizdir" şüarları ilə reklam banerləri vurulub. Bakı-Sumqayıt yolunun rayon ərazisinə düşən hissəsində "Təmiz Binəqədi" layihəsinə uyğun işıqlı lövhələr asılıb.
"Təmiz Binəqədi"-ölkədən kənara səs salan layihə
Bir məqamı da xüsusi qeyd etmək yerinə düşər ki, "Təmiz Binəqədi" layihəsi təkcə respublikamıza deyil, eləcə də ondan kənara səs salıb. Belə ki, qardaş Türkiyə Cümhuriyyətinin nüfuzlu internet portallarından sayılan sporajans.com.tr. saytı da Bakıda keçirilməsi nəzərdə tutulan Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə Binəqədi rayonunda həyata keçirilən "Təmiz Binəqədi" layihəsi barədə oxucularını məlumatlandırıb. Bundan başqa keçən ilin sentyabr ayında "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyi və "Təbiət Dostları" Gənclər İctimai Birliyinin nəzdində Yaşıl Velosipedçilər Klubunun təşkilatçılığı ilə veloyürüş və konfrans keçirilib ki, həmin konfransda da ölkəmizdən olan nümayəndələrlə yanaşı, Türkiyə, Avstriya, Çexiya, Litva, Danimarka və Rusiya təmsilçiləri Binəqədi rayonunda keçirilən "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində görülən işləri, o cümlədən bu veloyürüşün təşkilini yüksək qiymətləndiriblər.
Müsbət qiymətləndirilməli olan məqamlardan biri ondan ibarətdir ki, "Təmiz Binəqədi" layihəsinin icrasına heç də Birinci Avropa Oyunlarından sonra yekun vurulmayacaq. Düzdür, layihənin məqsədi Avropa Oyunlarına qədər rayonun memarlıq görkəmi daha da yaxşılaşdırmaq, küçə və meydanların abadlaşdırılması olsa da, lakin bu istiqamətdəki tədbirlər Avropa Oyunları başa çatdıqdan sonra da davam etdiriləcək.
Bu gün Binəqədi rayonunda həyata keçirilən quruculuq-abadlıq işləri, infrastruktur layihələri, eləcə də "Təmiz Binəqədi" layihəsi istər yerli, istərsə də digər rayon sakinləri, həmçinin bura qonaq gələn insanlar tərəfindən rəğbətlə qarşılanır. Rayon sakini İsmayıl İsmayılov deyir ki, "Təmiz Binəqədi" layihəsi çərçivəsində həyata keçirilən ağacəkmə aksiyası bir vaxtlar neft gölməçələrini xatırladan əraziləri yaşıllıqlara qərq edib. İsmayıl İsmayılov Binəqədidə gənclərə göstərilən diqqət və qayğıdan da razılığını ifadə edib: "Gənclərin asudə vaxtının səmərəli təşkili, onların mədəni istirahətinin təmin olunması məqsədilə rayonun müxtəlif ünvanlarında yaradılan şərait gənclər tərəfindən yüksək qiymətləndirilir. Ümumiyyətlə, Binəqədi rayonunda təkcə gənclər deyil, bütün yaş kateqoriyalarından olan insanlar diqqət və qayğı ilə əhatələnib, onlar üçün müvafiq şərait yaradılıb".
Təqaüdçü Məhəmməd Əliyev isə park və xiyabanlarda yaradılan şəraitdən razılığını bildirib. Onun sözlərinə görə, bir vaxtlar baxımsız vəziyyətdə olan parklar bu gün öz müasirliyi, gözəlliyi ilə seçilir: "Hər bir qəsəbə və mikrorayon ərazisində yerləşən park və meydanlar bu gün Binəqədi sakinlərinin istirahət məkanına çevrilib. Ən əsası da odur ki, bu gözəlliklərin yaradılması, səliqə və təmizkarlıq işlərinin həyata keçirilməsi "Təmiz Binəqədi" layihəsi çərçivəsində baş tutur. Artıq küçə və məhəllələrimizdə qalaq-qalaq tullantılara, natəmizliyə rast gəlmirik. Hesab edirəm ki, respublikamızın hər bir bölgəsində bu həyata keçirilsə "Təmiz Binəqədi" çevrilib "Təmiz Azərbaycan" olar. Bu da ölkəmizi dünyada ən təmiz ölkələrdən biri kimi tanıdar".
Süleyman İsmayılbəyli
"Binəqədi Rayon İcra Hakimiyyətinin Bakı 2015 Avropa oyunları ərəfəsində elan olunan "Təmiz Binəqədi" layihəsi çərçivəsində keçirilən müsabiqəyə təqdim etmək üçün"