Leyla Yunusu müdafiə edənlərin məqsədləri var
Elçin Mirzəbəyli: “O, təxribatçı əməllərini Müdafiə Nazirliyində işlədiyi qısa müddətdə həyata keçirməyə başladı”
21 Oktyabr 2014 17:58 Siyasət"Vaxtilə Xalq Cəbhəsinin yaradılmasında iştirak edən insanlar bütövlükdə Leyla Yunusun Milli Azadlıq Hərəkatına nə qədər ziyan vurduğunu bilirlər". BAXCP sədrinin müavini Elçin Mirzəbəyli "Olaylar"-a açıqlamasında belə deyib. E.Mirzəbəyli bildirib ki, hərəkatın parçalanması yönündə Leyla Yunus özünün təxribatçı əməllərindən əl çəkmirdi. BAXCP rəsmisinin sözlərinə görə, o, həmin təxribatçı əməllərini Müdafiə Nazirliyində işlədiyi qısa müddətdə həyata keçirməyə başladı: "Sonrakı illərdə də Leyla Yunusun bütün fəaliyyəti Azərbaycanın dövlət maraqlarının əleyhinə yönəldi. Bu gün Leyla Yunusu müdafiə edənlər vaxtilə onun əleyhinə sərt çıxış edən və Xalq Cəbhəsindən qovulmasını təmin edən adamlardır. Həmin şəxslər Müdafiə Nazirliyində işlədiyi dönəmlərdə onu agent adlandırırdılar. Siyasətdə manevrlər yolveriləndir, amma dövlət, vətən, millət kimi mühüm anlayışlara münasibətdə belə mövqe sərgiləmək heç bir əxlaqi kriteriyaya uyğun deyil. Leyla Yunusu müdafiə edənlərin məqsədləri var. Heç də bu dəstək onların Leyla Yunusa olan sevgilərindən irəli gəlmir. Leyla Yunusun adından istifadə edənlər, beynəlxalq təşkilatlarla əlaqələrini inkişaf etdirməyə, onların maraqlarına xidmət etməyə, Azərbaycanın əleyhinə olan qurumlardan maliyyə və digər dəstəkləri qazanmağa çalışırlar. Leyla Yunus bu gün həmin dairələr üçün alver predmetinə çevrilib". ("OLAYLAR İA")