Müsavatda repressiya rüzgarı
Sərt addımlar əks effekt verə bilər
21 Oktyabr 2014 16:22 SiyasətMüsavat partiyasında qarşıdurma davam edir. Başqan seçiləndən sonra qısa müddət səbrli davranan Arif Hacılı və komandası hücuma keçməyə hazırlaşır. Müsavat Məclisinin üzvü Osman Kazımov partiya rəhbərliyini heç nədən çəkinmədən partiyada təmizləmə həyata keçirməyə çağırıb. Qeyd edək ki, Osman Kazımov seçkiyə 2 həftə qalmış Arif Hacılının namizədliyini dəstəkləyəcəyini demişdi. Hacılının qardaşı Mustafa Hacıbəyli də sərt addımların tərəfdarıdır. Onun "Qubad İbadoğluna 200 nəfər səs vermişdi, ancaq bu gün 15 nəfər pozuculuqla məşğul olur" açıqlaması rəhbərliyinin repressiyalara hazır olduğunu göstərir. Aşkar görünür ki, Arif Hacılı və komandası özlərinin inandırıb ki, narazılar 15-20 nəfərdi, onları partiyadan uzaqlaşdırmaq lazımdır. Maraqlıdır ki, Qubad İbadoğlunun rəhbərliyi qurultaydan sonra keçirilən toplantıda iştirak edənlərin əksəriyyəti ortada yoxdur. Onların bir xeylisi partiyadan istefa verib. Qara Tofiqin rəhbərliyi ilə Tovuz rayon təşkilatı bütövlükdə partiyadan gedib. Onların Vurğun Əyyubun təsiri ilə partiyadan getdiyi şübhəsizdir. Görünür, Əyyub başqanlıq mübarizəsini və mövqe savaşını uduzduğunun fərqindədir. Məsələnin ən maraqlı tərəfi odur ki, Vurğun Əyyubla Qubad İbadoğlu bir araya gəlmir. Bu nüans düşündürücüdür. Tural Abbaslı da narazıların hərəkətinin Nizamnamə pozuntusu kimi qiymətləndirib. Belə çıxır ki, Qubad İbadoğlu və Tural Abbaslı öncədən razılaşaraq prosesə qoşulublar. Hikmət Hacızadəni də bu sıraya əlavə etmək olar. İsa Qəmbər-Pənah Hüseyn-Arif Hacılı üçlüyü öncədən planlaşdırıblar ki, qurultaydan sonra narazılıq olacaq, hətta separatçı hərəkətlər ediləcək. Narazıları idarə etmək, yönləndirmək üçün onların arasına öz adamlarını və Müsavata sadiq şəxsləri salıblar. Hikmət Hacızadə ortada yoxdu, Tural Abbaslı Nizamnamədən kənar hərəkətləri qəbul etmir, Qubad İbadoğlu xaricə uzunmüddətli səfər edib, əslində əsəblərin yatması üçün vaxt öldürür, ancaq narazılar sakitləşmir. Müsavatda baş verənlər artıq gün işığına çıxdı. Aşkar görünür ki, Qubad İbadoğlu narazıların lideri deyil. Narazılıq xaotikdir, lidersizdir. Narazılardan böyük bir qrupuna Vurğun Əyyub liderlik edir. Uzun müddər partiyada birinci müavin işləmiş Əyyub proseslərin hara gedəcəyini yaxşı bilir, adamları tanıyır. Hacılının adamları "təmizləmə" deyəndə yəqin ki, elə Vurğun Əyyubun partiyadan çıxarılmasını nəzərdə tuturlar. Arif Hacılı və adamlarını başa düşmək olar. Eyni proseslər bundan öncə AXCP-də, sonra KXCP-də baş vermiş, hər ikisində də partiya rəhbərliyi sərt addımlar atmışdı. Müsavatda da həmin tədbirlər görüləcək. Ancaq iş burasındadır ki, Müsavat "seçki ilə başqanı dəyişdik" deyib öyünürsə, repressiya addımları cəmiyyətdə xoş qarşılanmayacaq. Artıq sosial şəbəkələrdə Arif Hacılı tərəfdarlarının sərt addımlar hədəsi etirazla qarşılanır. Hesab olunur ki, Arif Hacılı sərt addımlar atsa, Müsavatda mərkəzdənqaçma prosesi daha da güclənəcək.
Zaur Sultanbud