8 Noyabr-Şuşa şəhəri günü-Özəl

ŞUŞA - ZƏFƏRİMİZİN ZİRVƏSİ, MİLLİ QÜRURUMUZUN RƏMZİ
      Azərbaycan xalqının çoxəsrlik tarixində elə günlər var ki, onlar təkcə təqvimdə əlamətdar tarix kimi deyil, milli yaddaşımızın, dövlətçilik tariximizin və mənəvi dünyamızın ən parlaq səhifələri kimi yaşayır. 8 Noyabr - Şuşa şəhəri günü də belə möhtəşəm tarixlərdəndir. Bu gün xalqımızın qəhrəmanlığını, birliyini, iradəsini, Vətən sevgisini və mübarizə əzmini təcəssüm etdirir. Şuşanın azad edilməsi Azərbaycanın hərb tarixində misilsiz hadisə olmaqla yanaşı, milli qürurumuzun və tarixi ədalətin təntənəsinə çevrilmişdir.
     Şuşa Azərbaycan xalqı üçün adi bir şəhər deyil. O, Qarabağın tacı, milli mədəniyyətimizin beşiyi, musiqimizin, poeziyamızın və incəsənətimizin müqəddəs məkanlarından biridir. Bu qədim şəhərin hər daşı, hər küçəsi, hər qayası xalqımızın tarixi keçmişindən, zəngin mədəni irsindən xəbər verir. Şuşa həm də Azərbaycanın dövlətçilik ənənələrinin, milli ruhunun və azadlıq istəyinin rəmzidir.
     Şuşanın azadlığına aparan tarixi yol
     Qarabağ Zəfərinin təməli uzun illər ərzində aparılan məqsədyönlü dövlət siyasəti, iqtisadi inkişaf, ordu quruculuğu və milli həmrəyliyin möhkəmləndirilməsi nəticəsində formalaşmışdır. Bu yolun başlanğıcında Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti dayanırdı. Onun dövlətçilik təcrübəsi, Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində gördüyü işlər gələcək qələbələrimiz üçün möhkəm zəmin yaratdı.
     Sonrakı dövrdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz böyük inkişaf yolu keçdi. Azərbaycanın iqtisadi və hərbi potensialı gücləndirildi, ordumuzun müasir silah-sursat və texnika ilə təchizatı təmin edildi, hərbçilərimizin döyüş hazırlığı yüksəldildi. Eyni zamanda, beynəlxalq müstəvidə ölkəmizin mövqeləri möhkəmləndirildi, milli maraqlarımızın müdafiəsi istiqamətində ardıcıl siyasət həyata keçirildi.
      2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək əzmini bütün dünyaya nümayiş etdirdi. Ordumuzun qəhrəmanlığı, xalqımızın birliyi və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi nəticəsində torpaqlarımız bir-birinin ardınca işğaldan azad edildi.
     Müharibənin ilk günlərindən Prezident İlham Əliyev Şuşanın azad edilməsinin xüsusi əhəmiyyətini vurğulayırdı. Çünki Şuşasız Qarabağ Zəfərini tam təsəvvür etmək mümkün deyildi. Bu şəhər həm hərbi-strateji mövqeyinə, həm də xalqımızın mənəvi həyatındakı müstəsna yerinə görə böyük əhəmiyyət daşıyırdı.
    Şuşa əməliyyatı - qəhrəmanlıq və rəşadət nümunəsi
      2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad etməklə tariximizin ən şanlı səhifələrindən birini yazdı. Bu qələbə böyük qəhrəmanlıq, fədakarlıq və peşəkarlıq tələb edən hərbi əməliyyatın nəticəsi idi.
      Azərbaycan əsgər və zabitləri mürəkkəb relyef şəraitində, sıldırım qayalardan, sıx meşələrdən və dərin dərələrdən keçərək Şuşaya daxil oldular. Onların göstərdiyi misilsiz şücaət dünya hərb tarixində də diqqətəlayiq hadisələrdən biri kimi qiymətləndirilir. Vətən uğrunda canından keçməyə hazır olan igidlərimiz doğma şəhərimizi azad edərək xalqımıza böyük sevinc və qürur yaşatdılar.
     Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyində həlledici rol oynadı. Bu qələbə düşmənin müqavimət imkanlarını sarsıtdı və müharibənin başa çatmasını sürətləndirdi.
     Noyabrın 8-də Prezident İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edərək Şuşanın işğaldan azad olunduğunu bəyan etdi. Dövlət başçısının "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!" sözləri həmin gün milyonlarla insanın qəlbində əbədi həkk olundu.
     Bu xəbər təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız arasında da böyük sevinc və qürur hissi yaratdı. Şuşanın azad olunması xalqımızın milli birliyinin, dövlətimizin qüdrətinin və ordumuzun yenilməz ruhunun təntənəsi idi.
     Bu möhtəşəm tarixi qələbənin əhəmiyyəti nəzərə alınaraq 8 Noyabr Zəfər Günü elan edildi. 2023-cü il 31 iyul tarixli Prezident Sərəncamına əsasən isə 8 Noyabr - Şuşa şəhəri günü kimi də qeyd olunur. Beləliklə, bu tarix həm Azərbaycanın böyük Zəfərini, həm də qədim Şuşanın azadlığa qovuşmasını təcəssüm etdirir.
     Şuşa - Azərbaycanın mədəniyyət paytaxtı
     Şuşa tarixən Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. Bu şəhər milli musiqimizin, poeziyamızın, xalçaçılığımızın və memarlıq sənətimizin inkişafına böyük töhfələr verib. Azərbaycanın bir çox görkəmli şəxsiyyətləri məhz Şuşada dünyaya göz açıb, burada yetişərək xalqımızın mədəniyyət xəzinəsinə əvəzsiz töhfələr bəxş ediblər.
      Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, Sadıqcan və başqa görkəmli sənətkarların adları Şuşanın şöhrətini bütün dünyaya yayıb. Şuşa həm də Azərbaycan muğamının, xalq musiqisinin və poeziyasının inkişafında xüsusi xidmətləri olan sənətkarlar diyarıdır.
    Şəhərin mədəni irsinin qorunması istiqamətində vaxtilə Ümummilli Lider Heydər Əliyev tərəfindən mühüm addımlar atılmışdır. Onun təşəbbüsü ilə 1977-ci ildə Şuşanın tarixi hissəsinin tarix-memarlıq qoruğu elan edilməsi haqqında qərar qəbul olunmuşdu.
    Şuşanın işğaldan azad edilməsindən sonra onun tarixi və mədəni əhəmiyyəti dövlət səviyyəsində daha da yüksəldildi. Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncamla Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Həmin il mayın 31-də qəbul edilmiş qanun isə şəhərin qorunması, bərpası, öyrənilməsi, inkişafı və təbliği üçün hüquqi və təşkilati əsasları müəyyənləşdirdi.
      2022-ci ilin ölkəmizdə "Şuşa İli" elan edilməsi bu qədim şəhərin milli və beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıdı. Şuşa 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı seçildi. 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi də şəhərin beynəlxalq nüfuzunun artmasının göstəricisidir.
    Bu qərarlar Şuşanın yalnız Azərbaycanın deyil, bütövlükdə türk və islam dünyasının mədəniyyət xəzinəsində xüsusi yer tutduğunu bir daha təsdiqləyir.
    Azad Şuşada böyük quruculuq və dirçəliş
    Şuşanın azad olunması ilə şəhərin həyatında yeni mərhələ başlandı. Uzun illər işğal altında qalmış, tarixi-mədəni abidələri dağıdılmış, infrastrukturu yararsız vəziyyətə salınmış şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı.
    İlk növbədə, şəhərin nəqliyyat, enerji, rabitə və kommunal infrastrukturu yenidən quruldu. Şuşaya aparan 101 kilometr uzunluğunda Zəfər yolunun inşası bu istiqamətdə görülən ən mühüm işlərdən biri oldu. Bu yol həm şəhərin ölkənin digər bölgələri ilə əlaqəsini asanlaşdırdı, həm də Zəfər tariximizin rəmzinə çevrildi.
     Şəhərin tarixi simasının qorunması bərpa işlərinin əsas prinsiplərindən biri kimi müəyyənləşdirildi. Şuşa qalası, məscidlər, tarixi tikililər, bulaqlar və digər memarlıq nümunələri bərpa olunmağa başladı. Yuxarı və Aşağı Gövhərağa məscidləri, Saatlı məscidi, Mamayı məscidi, Çöl Qala məscidi, Şirin su hamamı və digər tarixi abidələrdə mühüm işlər görüldü.
   İşğal dövründə güllələnmiş Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərinin yenidən əvvəlki yerlərinə qaytarılması xüsusi mənəvi əhəmiyyət daşıyırdı. Bu, xalqımızın öz tarixinə, milli-mədəni irsinə və görkəmli şəxsiyyətlərinin xatirəsinə sahib çıxmasının ifadəsi idi.
     Bülbülün ev-muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi və digər mədəniyyət ocaqları bərpa edilərək yenidən istifadəyə verildi. Şuşada mehmanxanalar, xidmət obyektləri, səhiyyə müəssisələri və yeni yaşayış kompleksləri yaradıldı.
     Şəhərin gələcək inkişafı da sistemli şəkildə planlaşdırılır. 2024-cü il oktyabrın 21-də Şuşanın 2040-cı ilədək inkişafına dair Baş planın təsdiq edilməsi bu baxımdan mühüm addım oldu. Baş planda şəhərin tarixi-memarlıq quruluşunun qorunması, yaşayış məhəllələrinin yaradılması, sosial xidmətlərin genişləndirilməsi, müasir nəqliyyat və kommunal infrastrukturun qurulması nəzərdə tutulub.
    Şuşaya böyük qayıdış - tarixi ədalətin bərpası
    Şuşanın azad olunmasının ən böyük nəticələrindən biri doğma yurdlarından didərgin düşmüş sakinlərin öz evlərinə qayıtmasıdır. Uzun illər həsrətində olduğumuz bu qayıdış xalqımız üçün böyük mənəvi hadisədir.
    Bu gün Şuşada yeni yaşayış binaları tikilir, sosial obyektlər istifadəyə verilir, məktəblər, səhiyyə müəssisələri və digər xidmət sahələri fəaliyyət göstərir. Şəhərin əvvəlki həyat ritminin bərpası, ailələrin doğma ocaqlarına qayıtması Şuşanın dirçəlişinin ən mühüm göstəricisidir.
     2026-cı il oktyabrın 23-nə olan məlumata görə, Şuşa şəhərində 377 ailə olmaqla 1411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə olmaqla 78 nəfər, Kiçik Qaladərəsi kəndində isə 26 ailə olmaqla 90 nəfər məskunlaşıb. Beləliklə, Şuşa şəhəri və rayonun qeyd olunan kəndlərində ümumilikdə 420 ailə, 1579 nəfər yaşayır.
    Bu rəqəmlərin arxasında illərlə davam edən həsrət, doğma yurda qayıtmaq arzusu və böyük quruculuq zəhməti dayanır. Şuşaya qayıdan hər bir ailə şəhərin həyatına yeni nəfəs, yeni ümid və yeni sevinc gətirir.
     Şuşa həm də mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Burada ənənəvi "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, beynəlxalq konfranslar və Şuşa Qlobal Media Forumları təşkil olunur. Türk Dövlətləri Təşkilatının 2024-cü ildə Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü və imzalanan Qarabağ Bəyannaməsi şəhərin beynəlxalq əhəmiyyətini daha da artırıb.
      Bütün bunlar göstərir ki, Şuşa artıq yalnız tarixi keçmişi ilə deyil, bugünkü inkişafı, mədəni həyatı və beynəlxalq əlaqələri ilə də diqqət mərkəzindədir.
    Şuşa - əbədi Azərbaycan torpağı
     Bu gün Şuşa özünün yeni inkişaf və dirçəliş dövrünü yaşayır. Bir vaxtlar işğalın ağır nəticələri ilə üzləşən şəhər indi quruculuğun, tərəqqinin, mədəni həyatın və böyük qayıdışın ünvanına çevrilib.
     Şuşanın azad edilməsi Azərbaycan xalqının tarixində əbədi yaşayacaq. Bu qələbə sübut etdi ki, xalq öz tarixinə, torpağına, milli dəyərlərinə sahib çıxmaq əzmində olduqda ən çətin sınaqlardan belə qalib ayrılır. Şuşa Zəfəri dövlətimizin qüdrətini, ordumuzun rəşadətini və xalqımızın sarsılmaz birliyini nümayiş etdirdi.
     8 Noyabr - Şuşa şəhəri günü hər bir azərbaycanlı üçün qürur və fəxarət günüdür. Bu tarix bizə Vətən sevgisinin, milli həmrəyliyin, mübarizə əzminin və dövlətə sədaqətin nə qədər böyük güc olduğunu xatırladır. Şuşanın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, qazilərimizin qəhrəmanlığı heç zaman unudulmayacaq.
     Əminik ki, Şuşa bundan sonra da Azərbaycanın mədəniyyət paytaxtı kimi öz şöhrətini qoruyacaq, dünyanın müxtəlif ölkələrindən gələn qonaqları öz gözəlliyi, tarixi və zəngin mədəniyyəti ilə heyran edəcək. Qədim şəhərimizdə həyat daha da canlanacaq, yeni nəsillər bu müqəddəs torpaqda böyüyərək onun tarixini və milli dəyərlərini yaşadacaqlar.
    Şuşa bizim tariximiz, qürurumuz, mənəvi sərvətimiz və əbədi Azərbaycan torpağıdır!
    Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Şuşa bizimdir, Qarabağ Azərbaycandır!

Anar İsgəndərov
Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31