Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə xüsusi önəm verir və bu istiqamətdə daim səylər göstərir.

Bu barədə Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin Bakıda keçirilən üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına müraciətində bildirilib.

Müraciətdə deyilir ki, korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, sosial ədalətə, sağlam rəqabətə və iqtisadi inkişafa xələl gətirən cinayətdir. "Bəzi hallarda bu növ cinayətlərin transsərhəd xarakteri müvafiq tədbirlərin həm milli, həm də beynəlxalq müstəvidə görülməsini zəruri edir. Bu xüsusda, "İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq mühafizə əməkdaşlığı haqqında Məkkə Əl-Mükərrəmə Konvensiyası" bu sahədə vahid hüquqi platforma formalaşdıran strateji sənəddir. Azərbaycanın bu Konvensiyaya qoşulması beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük önəm daşıyır", - deyə dövlətimizin başçısının müraciətində vurğulanıb.

Qeyd edək ki, Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşü keçirilir.

Bakı Konqres Mərkəzində təşkil olunan tədbir oktyabrın 27-28-ni əhatə edir.

Tədbirdə İƏT-ə üzv 57 dövlətdən 48-nin nümayəndələri də daxil olmaqla, 250-dən çox şəxsin iştirakı gözlənilir. Onların arasında 30 dövlət qurumunun rəhbəri, səfirlər, beş beynəlxalq və regional təşkilatın rəhbər və yüksəkvəzifəli nümayəndələri, həmçinin üç müşahidəçi dövlətin təmsilçiləri var.

Görüşün ikinci günü xarici nümayəndələr və baş prokurorlarla müsahibələrin, daha sonra isə tədbirin bağlanış mərasiminin keçirilməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31