Dəyişən dünyada dövlət suverenliyi: ideoloji təhlükəsizlik və milli həmrəylik-Özəl

Müasir dünyada dövlətlərin təhlükəsizliyi artıq yalnız sərhədlərin qorunması, hərbi qüdrət və fiziki müdafiə imkanları ilə ölçülmür. Geosiyasi rəqabətin kəskinləşdiyi, informasiya müharibələrinin genişləndiyi və rəqəmsal texnologiyaların ictimai rəyə təsir imkanlarının artdığı bir dövrdə milli kimliyin, tarixi yaddaşın, dövlətçilik ideologiyasının və cəmiyyətin həmrəyliyinin qorunması strateji əhəmiyyət daşıyır. Əgər yaxın keçmişdə müstəqil dövlətlərin suverenliyinə yönələn təhdidlər daha çox hərbi müdaxilə və fiziki təzyiq formasında meydana çıxırdısa, bu gün ideoloji təsir, informasiya manipulyasiyası və cəmiyyət daxilində parçalanma yaratmaq cəhdləri də ciddi təhlükəsizlik risklərinə çevrilib.

Prezident İlham Əliyevin Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində səsləndirdiyi fikirlər bu reallıqların Azərbaycan kontekstində təhlilini zəruri edir. "Ortaq gələcək naminə dialoq" mövzusu ilə keçirilən forumun əhəmiyyəti yalnız mədəniyyətlərarası münasibətlərin inkişafı ilə məhdudlaşmır. Bu platforma həm də dövlətlərin suverenliyi, milli maraqlar, informasiya təhlükəsizliyi və beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət kimi məsələlərin müzakirəsi üçün mühüm imkan yaradır.

Azərbaycanın müstəqillik tarixində milli həmrəylik və dövlətçilik ideologiyası ölkənin siyasi dayanıqlılığının mühüm amillərindən biri olub. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyası milli kimliyin qorunmasını, dövlətçilik ənənələrinin möhkəmləndirilməsini və müxtəlif etnik qrupların vahid dövlətçilik düşüncəsi ətrafında birləşməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə suverenliyin möhkəmləndirilməsi, müdafiə potensialının artırılması və milli maraqların beynəlxalq müstəvidə müdafiəsi bu siyasətin əsas istiqamətləri kimi ön plana çıxıb.

Azərbaycanın keçdiyi inkişaf yolu göstərir ki, dövlətin gücü yalnız iqtisadi və hərbi imkanlarla məhdudlaşmır. Cəmiyyətin milli maraqları dərk etməsi, dövlətçiliyə bağlılığı və xarici təsirləri düzgün qiymətləndirmək qabiliyyəti də təhlükəsizliyin mühüm komponentlərindəndir. Milli ideya ətrafında həmrəylik bu baxımdan yalnız mənəvi dəyər deyil, həm də dövlətin müstəqil qərarvermə imkanlarını qoruyan strateji resursdur.

Sirr deyil ki, müasir geosiyasi şəraitdə xarici risklərin xarakteri əhəmiyyətli dərəcədə dəyişib. Dövlətlərə təsir göstərmək məqsədilə həyata keçirilən informasiya kampaniyaları, dezinformasiya, rəqəmsal platformalar vasitəsilə ictimai rəyə təsir və milli dəyərləri hədəfə alan manipulyativ məzmunlar mühüm təsir vasitələrinə çevrilib. Bu üsulların təhlükəsi ondadır ki, onların nəticələri hər zaman dərhal nəzərə çarpmır. Xarici təsirlər cəmiyyətin dövlət institutlarına inamını zəiflətmək, tarixi hadisələrə münasibətdə çaşqınlıq yaratmaq, ictimai qütbləşməni dərinləşdirmək və milli maraqlar ətrafında formalaşan birliyi sarsıtmaq məqsədi daşıyır. Süni intellekt texnologiyalarının inkişafı isə saxta foto, video və audio materialların hazırlanmasını asanlaşdıraraq bu risklərin miqyasını daha da genişləndirir.

Bu təhlükələrin miqyası Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyi nəzərə alınmaqla daha aydın görünür. Ölkəmizin əlverişli coğrafi mövqeyi, enerji resursları, nəqliyyat-logistika imkanları və fəal diplomatiyası onun regional və beynəlxalq proseslərdə rolunu artırır. Cənubi Qafqazda strateji mövqe, Xəzər hövzəsinin enerji potensialı və Şərqlə Qərb arasında nəqliyyat əlaqələrinin inkişafında iştirak Azərbaycan üçün mühüm əməkdaşlıq imkanları yaradır. Bununla yanaşı, ölkənin beynəlxalq əhəmiyyətinin və orta güc kimi mövqeyinin möhkəmlənməsi müxtəlif geosiyasi maraqların toqquşduğu şəraitdə milli maraqların müdafiəsini daha da aktuallaşdırır. Belə bir şəraitdə Azərbaycanın qarşısında duran əsas vəzifə mövcud imkanları qorumaq, dəyişən beynəlxalq mühitə çevik uyğunlaşmaq və dövlət suverenliyini möhkəmləndirməklə yanaşı, cəmiyyətin xarici təsirlər qarşısında dayanıqlılığını artırmaqdır.

Məhz bu kontekstdə ideoloji müdaxilə risklərinin artması, dövlətlərin daxili işlərinə qarışmamaq və suverenliyinə hörmət prinsiplərinin əhəmiyyətini daha da yüksəldir. Müasir dövrdə ideoloji və informasiya təsirləri dövlətlərin müstəqil qərarvermə imkanlarına yönələn ciddi çağırışlar yaratmaqdadır. Buna görə də suverenliyin qorunması, həm də cəmiyyətin xarici manipulyasiyalardan qorunmasını, milli maraqların şüurlu şəkildə dərk edilməsini və müstəqil qərarvermə iradəsinin saxlanılmasını əhatə edir. İdeoloji təhlükəsizlik bu baxımdan dövlətin siyasi müstəqilliyinin və milli kimliyinin qorunmasının mühüm tərkib hissəsidir.

Prezident İlham Əliyevin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi fikirlər də məhz bu yanaşma ilə səsləşir. Dövlət başçısı müstəqil ölkələrə necə yaşamaq, nəyi etmək və ya etməmək barədə dərs verilməsinin yolverilməzliyini vurğulayaraq diqqəti dövlətlərin suverenliyinə və öz inkişaf yolunu müəyyənləşdirmək hüququna yönəldib. Başqalarına həyat tərzi ilə bağlı mühazirə oxumağa çalışanlar ilk növbədə öz fəaliyyətlərini qiymətləndirməli və belə bir mövqedən çıxış etmək hüquqlarını nəzərdən keçirməlidirlər. Dövlətlərin daxili işlərinə müdaxilə etmək əvəzinə, diqqətin hər bir ölkənin öz məsuliyyətlərinə və qarşısında duran vəzifələrə yönəldilməsi vacibdir.

Bu aktual və vacib yanaşma dövlətlərin suveren bərabərliyinə, milli seçimlərinə və öz inkişaf yolunu müəyyənləşdirmək hüququna hörmət prinsipini ön plana çıxarır. Eyni zamanda, beynəlxalq münasibətlərdə siyasi maraqların universal dəyərlər adı altında digər ölkələrə qəbul etdirilməsi cəhdlərinin yaratdığı ziddiyyətlərə diqqət çəkir. Dövlətlərin suverenliyinə hörmət yalnız siyasi bəyanatlarda deyil, beynəlxalq münasibətlərin praktikasında da öz əksini tapmalıdır. Əks halda, beynəlxalq hüququn prinsiplərinin seçici şəkildə tətbiqi ikili standartların dərinləşməsinə və dövlətlər arasında etimadın zəifləməsinə səbəb ola bilər.

İdeoloji təhlükəsizliyin gücləndirilməsi ilə mədəniyyətlərarası dialoqun inkişafı arasında ziddiyyət yoxdur. Əksinə, öz milli kimliyinə və tarixi irsinə güvənən cəmiyyət digər xalqların mədəniyyətinə də hörmətlə yanaşa bilər. Əsas məsələ milli dəyərləri qorumaqla dünyaya açıq olmaq arasında sağlam tarazlığın yaradılmasıdır. Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində təşəbbüsləri müxtəlif mədəniyyətlərin, dinlərin və dünyagörüşlərinin nümayəndələri arasında ünsiyyət üçün platforma yaradır. Qlobal qarşıdurmaların dərinləşdiyi bir vaxtda belə platformaların əhəmiyyəti daha da artır. Dialoq qarşılıqlı anlaşmanı gücləndirməklə yanaşı, fərqliliklərin qarşıdurma vasitəsinə çevrilməsinin qarşısını almağa da xidmət edə bilər.

Bütün bunlarla yanaşı, ideoloji təhlükəsizliyin təmin olunması yalnız dövlət institutlarının fəaliyyəti ilə məhdudlaşmır. Bu prosesdə cəmiyyətin, xüsusilə gənc nəslin üzərinə mühüm məsuliyyət düşür. İnformasiya mənbələrini düzgün qiymətləndirmək, faktlarla manipulyativ məzmunu fərqləndirmək, sosial şəbəkələrdə yayılan məlumatlara tənqidi yanaşmaq və tarixi hadisələri etibarlı mənbələr əsasında öyrənmək müasir vətəndaşın vacib bacarıqları sırasındadır. Milli ideologiyanın gücü vətəndaşların milli maraqları şüurlu şəkildə mənimsəməsində, tarixi yaddaşı qorumasında və müxtəlif informasiya təsirlərini müstəqil qiymətləndirməsində təzahür etməlidir.

Nəticə etibarilə, müasir dünyada dövlət suverenliyinin qorunması hərbi, siyasi və iqtisadi imkanlarla yanaşı, cəmiyyətin ideoloji dayanıqlılığından, milli həmrəyliyindən və informasiya savadlılığından da asılıdır. Xarici təsirlərin mahiyyətini vaxtında dərk etmək, manipulyasiyalara uymamaq və milli maraqlara zidd çağırışları düzgün qiymətləndirmək dövlətin ideoloji təhlükəsizliyinin mühüm şərtləridir. Dövlətin gücü yalnız sərhədlərinin toxunulmazlığı ilə deyil, həm də xalqının birliyi, milli kimliyinə bağlılığı və müstəqil düşünmək bacarığı ilə müəyyən olunur. Tarixi yaddaşına söykənən, milli dəyərlərini qoruyan və fərqli fikirləri tənqidi düşüncə ilə qiymətləndirən cəmiyyət dövlət suverenliyinin ən etibarlı dayaqlarından biridir. Milli həmrəylik, informasiya savadlılığı və müstəqil düşüncə yalnız bu günün çağırışlarına cavab vermək üçün deyil, gələcək nəsillərin təhlükəsiz və müstəqil cəmiyyətdə yaşaması üçün də mühüm əhəmiyyət daşıyır.

Elman Babayev
Əməkdar Jurnalist

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31