Bakı ilə Amsterdam arasında siyasi dialoq Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirə bilər – ÖZƏL

Prezident İlham Əliyevin Niderlandın xarici işlər naziri Tom Berendsenlə görüşü Azərbaycan-Niderland münasibətlərinin inkişafı və Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Niderlandın Aİ-dəki mövqeyi Bakı ilə Amsterdam arasında siyasi dialoqun və iqtisadi əlaqələrin güclənməsinə yeni imkanlar yarada bilər.

"Azərbaycanın Avropa dövlətləri ilə həm ikitərəfli, həm də bir sıra Avropa strukturları ilə əməkdaşlığını birmənalı qiymətləndirmək doğru olmazdı. Çünki həm ikitərəfli əməkdaşlıqda, həm də Avropa strukturları ilə münasibətlərdə Azərbaycanla Avropa arasında əlaqələri yalnız qarşılıqlı etimadın və işgüzar münasibətlərin inkişafı baxımından qiymətləndirmək düzgün olmadığı kimi, onları etimadsızlıq və qərəzli münasibətlər kontekstində dəyərləndirmək də doğru olmaz".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, Fransa kimi ölkələrlə Azərbaycan arasında münasibətlər heç də yüksək səviyyədə olmasa da, Böyük Britaniya və İtaliya kimi dövlətlərlə ikitərəfli əməkdaşlığımız kifayət qədər yüksək, strateji xarakter daşıyır. O cümlədən, Avropa İttifaqı və NATO kimi qurumlarla Azərbaycanın əməkdaşlığı müsbət və işgüzar xarakterə malikdir. Təəssüflər olsun ki, Fransanın mövqeyinin daha çox üstünlük təşkil etdiyi Avropa Parlamenti kimi qurumlarla Azərbaycan arasında münasibətlər qarşılıqlı etimad və anlaşma mühitində inkişaf etmir. Bu baxımdan, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin bundan sonra da inkişaf etdirilməsində, heç şübhəsiz ki, Avropa İttifaqında əsas söz sahibi olan ölkələrlə Azərbaycanın əlaqələrinin daha da genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Bu ölkələrdən biri də Niderlanddır. Niderlandın xarici işlər nazirinin Azərbaycan dövlət rəsmiləri tərəfindən qəbul olunması, burada həm Azərbaycan-Niderland, həm də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının müzakirə edilməsi, eyni zamanda, hər iki tərəf üçün qarşılıqlı maraq doğuran məsələlərin diqqətdə saxlanılması, heç şübhəsiz ki, Azərbaycanla Avropa İttifaqı, o cümlədən Niderland arasında əlaqələrin daha da intensivləşdirilməsi və münasibətlərin sıxlaşdırılması istiqamətində qarşıdakı mərhələdə yeni imkanlar yarada bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31