İnternet və rabitə xidmətlərinin keyfiyyətinə yeni tələblər müəyyənləşdirilir

Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair məcburi tələblərin hüquqi məzmunu dəqiqləşdiriləcək. "Olaylar" xəbər verir ki,  bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Telekommunikasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. "Telekommunikasiya haqqında" Qanunun 33.1.5-ci maddəsi operatorların telekommunikasiya xidmətlərini müəyyən edilmiş standart, norma və qaydalara uyğun keyfiyyətlə göstərməli olduğunu müəyyən edir.

Qanun layihəsində bildirilib ki, qeyd olunan müddəada işlədilən "standart, norma və qaydalar" və "telekommunikasiya xidmətlərinin standartları" ifadələri telekommunikasiya xidmətlərinin göstərilməsi zamanı riayət edilməli konkret və məcburi tələblərin dairəsini birmənalı müəyyən etməyə imkan vermədiyi halda, ondan fərqli olaraq "keyfiyyət göstəriciləri" anlayışı xidmətin keyfiyyət səviyyəsini müəyyən edən, ölçülə bilən və yoxlanıla bilən meyarları ehtiva edir və tənzimləmənin predmetini daha dəqiq əks etdirir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilmiş "Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri" telekommunikasiya xidmətlərinin göstərilməsi zamanı təmin edilməli konkret keyfiyyət göstəricilərini müəyyən edir və bu göstəricilər xidmətin keyfiyyətinin ölçülməsi və qiymətləndirilməsi üçün əsas meyarları ehtiva etməklə operator və provayderlərin fəaliyyətinə münasibətdə məcburi tələblər kimi çıxış edir.

Qeyd edilib ki, təklif olunan dəyişikliklər telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair məcburi tələblərin hüquqi məzmununun dəqiqləşdirilməsinə və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına xidmət edir.

Qanun layihəsi müzakirələrdən sonra səsverəyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31