Əkbər Qoşalı: “Azərbaycan Avropa ilə Asiya arasında sadəcə yol deyil, güvənli tərəfdaşdır” – ÖZƏL

"Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərinin genişlənməsinə yalnız yeni iqtisadi bazarlar axtarışı kimi baxmaq doğru olmazdı. Burada daha geniş geoiqtisadi, geosiyasi məntiq var: Azərbaycan özünün Avropa ilə Asiya arasında əlaqələndirici mövqeyini yeni tərəfdaşlıqlar, yükdaşıma imkanları, enerji diplomatiyası və qarşılıqlı yatırımlar vasitəsilə inkişaf etdirməkdə maraqlıdır".

Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, Kambocanın Baş naziri Hun Manetin Bakı səfəri də bu baxımdan diqqətəlayiqdir. Bakı ilə Pnompen arasında məsafələrin diplomatik baxımdan yaxınlaşmasından savayı, müxtəlif coğrafiyaların iqtisadi çıxarlarının uzlaşdırılması da əsas məsələdir. Başqa sözlə, düzgün qurulmuş əməkdaşlıq məsafəni maneədən imkana çevirə bilər.

Məncə, burada bir neçə strateji yön fərqləndirilməlidir. Birincisi, Azərbaycanın Cənub-Şərqi Asiya ilə iqtisadi münasibətləri ümumi niyyət bəyanatlarından konkret sahələr üzrə əməkdaşlığa keçməlidir. Vyetnam, İndoneziya, Malayziya, Sinqapur, Tailand və Kamboca ilə münasibətlərdə hər ölkənin iqtisadi ixtisaslaşması, bazar imkanları və yatırım maraqları ayrıca nəzərə alınmalıdır. Aqrar sənaye, qida təhlükəsizliyi, rəqəmsal iqtisadiyyat, turizm, logistik, əczaçılıq, sənaye texnologiyaları və qeyri-neft ixracı bu əməkdaşlığın mümkün istiqamətləridir. Özəlliklə Sinqapurun logistik və maliyyə xidmətləri sahəsində təcrübəsi, Vyetnamın istehsal və ixrac imkanları, İndoneziya və Malayziyanın geniş bazarları qarşılıqlı faydalı layihələr üçün öyrənilə bilər. İkincisi, enerji əməkdaşlığı yalnız ənənəvi karbohidrogen ticarəti ilə məhdudlaşmamalıdır. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində qazandığı təcrübə, bərpaolunan enerji layihələri, yaşıl enerji infrastrukturu və müvafiq texnologiyalara marağı Cənub-Şərqi Asiya ölkələri ilə yeni əməkdaşlıq müstəvisi yaratmağa uyğundur. Burada əsas məsələ qarşılıqlı yatırımların, texnologiya alış-verişinin və birgə layihələrin iqtisadi əsaslandırılmasıdır. Üçüncüsü və xüsusi önəm daşıyan istiqamət Orta dəhlizdir. Azərbaycan bu nəqliyyat sisteminin Xəzər keçidində mühüm mövqeyə malikdir. Ancaq Orta dəhlizi yalnız Çin-Avropa ticarəti kontekstində qiymətləndirmək onun potensialını müəyyən qədər məhdudlaşdırmaq olardı. Cənub-Şərqi Asiya ölkələrinin Mərkəzi Asiya, Xəzər hövzəsi, bizim Qafqaz və Avropa bazarları ilə əlaqələndirilməsi də perspektivli istiqamət kimi nəzərdən keçirilə bilər. Burada önəmli bir incəlik var: Cənub-Şərqi Asiya yüklərinin Orta dəhlizə cəlbi avtomatik baş verməyəcək. Dəniz daşımaları ilə müqayisədə qiymət, çatdırılma müddəti, gömrük prosedurları, sərhədkeçmə imkanları və daşımaların güvənirliyi rəqabət qabiliyyətini müəyyən edəcək. Bakı-Tiflis-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər üzərindən bərə daşımaları və Mərkəzi Asiya ölkələri ilə koordinasiya bu baxımdan vahid logistik sistemin bir-birini tamamlayan elementləri kimi inkişaf etdirilməlidir. Azərbaycanın strateji marağı tranzitin yaratdığı əlavə dəyərin də iştirakçısına çevrilməkdir. Yəni yüklər ərazimizdən sadəcə keçməməli, logistik, anbar təsərrüfatı, emal, qablaşdırma, sertifikatlaşdırma, sığorta və digər xidmətlər vasitəsilə ölkə iqtisadiyyatına daha geniş fayda verməlidir.

Bu əməkdaşlığın geosiyasi tərəfi də diqqətdən yayınmamalıdır. Cənub-Şərqi Asiya ilə əlaqələrin inkişafı Azərbaycanın xarici iqtisadi münasibətlərinin coğrafiyasını genişləndirir, müxtəlif bölgəsəl təşkilatlar və çoxtərəfli platformlarla təmas imkanlarını artırır. ASEAN ölkələri ilə dialoqun genişlənməsi, Mərkəzi Asiya dövlətləri ilə mövcud tərəfdaşlığın yükdaşıma və ticarət layihələri vasitəsilə dərinləşdirilməsi bu prosesin önəmli tərkib hissəsi ola bilər. Söhbət fərqli iqtisadi məkanlar arasında qarşılıqlı faydalı bağların qurulmasından gedir. Bu baxımdan 2025-ci ilin mayında Azərbaycanla Vyetnam arasında strateji tərəfdaşlığın qurulması, energetik və digər sahələr üzrə sənədlərin imzalanması artıq müəyyən institusional əsasların mövcudluğunu göstərir. Kamboca ilə bugünlərdə keçirilmiş yüksək səviyyəli görüşlərdə də yükdaşıma, energetik, ümumən iqtisadiyyat və digər sahələrdə əməkdaşlıq imkanları gündəmə gətirilib.

"Mən burada bir mədəni-sivilizasion məqamı da vurğulamaq istərdim. Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, ticarət yollarının və sivilizasiya təmaslarının qovşağında yerləşib. Çağdaş dönəmdə bu tarixi mövqe həm də diplomatik, iqtisadi və mədəni məsuliyyətdir. Cənub-Şərqi Asiya ilə əlaqələrdə təhsil, elm, turizm, mədəni diplomatiya və insanlararası münasibətlərin genişlənməsi iqtisadi əməkdaşlığın uzunmüddətli dayanıqlığına xidmət edə bilər. Sonuc etibarilə, Azərbaycan-Mərkəzi Asiya-Cənub-Şərqi Asiya əməkdaşlığı Avrasiya məkanında yeni iqtisadi bağlantı imkanları yarada bilər; bunun üçün siyasi iradə ilə yanaşı, rəqabətədavamlı tariflər, güvənli yükdaşıma infrastrukturu, qarşılıqlı yatırımlar və işlək biznes mexanizmləri gərəkdir. Əsas məsələ Azərbaycanın xəritədə tutduğu mövqeni iqtisadi dəyərə, diplomatik güvənə və uzunmüddətli tərəfdaşlığa çevirməkdir. Belə deyək, Azərbaycanın qarşısında duran vəzifə Gündoğarla Günbatar arasında yol olmaqdan daha çox həmin yolun üzərində iqtisadi maraqları, dövlətləri və mədəniyyətləri birləşdirən güvənli tərəfdaş olmaqdır. Bax, bu anlamda Bakıdan Pnompenə uzanan münasibətlər xətti həm iki paytaxt arasındakı diplomatik məsafəni, həm də Azərbaycanın daha geniş Asiya siyasətinin imkanlarını ifadə edir", - deyə ekspert əlavə edib.

Dövlətimiz zaval görməsin!

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31