Zeynal Əmrəliyev: "Türkiyə dövləti bu cür qərəzli çıxışlara səssiz qalmamalıdır" – ÖZƏL
15:50 Siyasət"Azərbaycanın öz daxili siyasəti var və ölkəmiz bu siyasəti, əlbəttə ki, özü müəyyənləşdirir. Türkiyə rəsmilərinin bu məsələlərə müdaxilə etməsi təəssüf doğurur. Azərbaycan hər zaman Türkiyə ilə qardaşlıq prinsiplərinə önəm verir. Türkiyədə hakim partiyanın üzvü olan bəzi şəxslərin Azərbaycan haqqında qeyri-ciddi və yersiz açıqlamalarla çıxış etməsi, əlbəttə ki, təəssüf doğuran haldır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, bütün bunlarla yanaşı, Türkiyənin hazırda kifayət qədər problemləri var. Ölkədə həm siyasi, həm də iqtisadi problemlər mövcuddur. Türkiyə iqtisadiyyatı arzuolunan vəziyyətdə deyil. Siyasi problemlər də var. Belə ki, bələdiyyə sədrləri kütləvi şəkildə həbs edilir, bələdiyyələrə qarşı cinayət işləri açılır. Müxalifət partiyalarına və müxalifət mediasına qarşı da qəyyum təyin edilməsi kimi hallar baş verir. Türkiyədə kifayət qədər mürəkkəb proseslərin getdiyi bir vaxtda türk xalqını və Türkiyə cəmiyyətini özünə aid olmayan məsələlərlə məşğul etmək üçün Azərbaycandakı bu cür məsələləri gündəmə gətirmək, əlbəttə ki, düzgün davranış deyil. Aydın məsələdir ki, Türkiyədə hakim partiyanın bəzi nümayəndələri cəmiyyəti çaşdırmaq və xalqın diqqətini real problemlərdən yayındırmaq üçün Türkiyəyə aid olmayan bir məsələni ölkənin əsas problemi kimi təqdim etməyə çalışırlar. Bu, yolverilməz haldır. Heç kim Azərbaycandan bu məqsədlər üçün istifadə edə bilməz. Azərbaycanın müstəqil dövləti var və ölkəmizdə dövlətlə xalq arasında sıx münasibətlər mövcuddur. Heç kim bu münasibətlərin pozulmasına yol verə bilməz. Azərbaycan dövlətinə və Türkiyə cəmiyyətinə qarşı bu cür mənfi münasibətin formalaşdırılmasına cəhdlər göstərilməsi yolverilməzdir. Əlbəttə ki, biz belə halları unutmuruq və onlar Azərbaycanın yaddaşından heç vaxt silinməyəcək. Burada heç bir problem yoxdur. Azərbaycandakı bu cür məsələlərlə bağlı Türkiyədə AK Partiyanın bəzi nümayəndələrinin mənfi və qərəzli açıqlamalarla çıxış etməsi, əslində, onların öz mövqelərini nümayiş etdirir. Hesab edirəm ki, Türkiyə dövləti də belə şəxslərin bu cür açıqlamalarına səssiz qalmamalıdır.
Səidə Ramazanova