Bəhruz Quliyev: "Paşinyanın konstitusiya manevrləri vaxt qazanmaq məqsədi daşıyır" – ÖZƏL
15:32 SiyasətErmənistanda Aİ-yə üzvlüklə bağlı referendum keçirilməyəcək. Baş nazir Nikol Paşinyan RFI-yə müsahibəsində bildirib ki, buna səbəb ölkənin hələ Aİ-yə üzvlük üçün rəsmi müraciət etməməsidir. Bununla yanaşı, Bakı üçün sülh sazişinin imzalanmasında əsas şərt olan yeni konstitusiya referendumunun keçirilməsi də sual altındadır. Azərbaycan Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadı ərazi iddiası sayır və dəyişiklik tələb edir. Paşinyan yeni layihədən bu istinadın çıxarılacağını desə də, referendumun konkret tarixini açıqlamayıb. Prosesə mane olan digər amil isə parlamentdəki səs çatışmazlığıdır: layihənin referenduma çıxarılması üçün 70 səs lazım olduğu halda, hakim partiyanın cəmi 64 mandatı var.
"Nikol Paşinyanın yeni konstitusiya ilə bağlı referendumun tarixini açıqlamaması təsadüfi deyil. Mövcud vəziyyət onun vaxt qazanmağa çalışdığı ehtimalını gücləndirir. Çünki Paşinyan anlayır ki, Müstəqillik Bəyannaməsinə istinadın konstitusiyadan çıxarılması Ermənistanda ciddi siyasi müqavimətlə üzləşə bilər".
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, hakim partiyanın parlamentdə 64 mandatı var, referendum təşəbbüsü üçün isə 70 səs tələb olunur. Deməli, Paşinyan əlavə altı səs qazanmalı, müxalifətlə müəyyən razılaşmalara nail olmalıdır. Bu da onun siyasi manevr imkanlarını məhdudlaşdırır.
"Məncə, Paşinyan hazırda həm daxili siyasi riskləri azaltmağa, həm də Azərbaycanla sülh gündəliyində manevr imkanlarını qorumağa çalışır. Lakin vaxt qazanmaqla problemi həll etmək mümkün deyil. Əgər Ermənistan həqiqətən davamlı sülh istəyirsə, bunu konkret addımlarla sübut etməlidir. Azərbaycan üçün əsas məsələ bəyanatlar deyil, sülhün gələcəkdə yeni ərazi iddiaları ilə təhlükə altına düşməyəcəyinə dair etibarlı təminatların olmasıdır. Konstitusiya məsələsi də məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır. Ona görə də Paşinyan gec-tez seçim etməlidir. Ya siyasi məsuliyyət götürərək real addımlar atmalı, ya da uzatdığı proseslə özünün sülh niyyətlərinə dair sualları daha da artırmalıdır", - deyə B.Quliyev əlavə edib.
Səidə Ramazanova