Şərqlə Qərbin qovuşduğu unikal məkan: Azərbaycan qlobal maraqları necə uzlaşdırır? – ÖZƏL

"Azərbaycan çoxşaxəli siyasət həyata keçirir. Dövlət və milli maraqları nəzərə alan bu çoxvektorlu siyasət regionda sabitliyin təmin olunmasına və beynəlxalq güclərin diqqətinin Azərbaycana yönəlməsinə şərait yaradır. Azərbaycan bir çox platformalarda əməkdaşlığını genişləndirir, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın inkişafında maraqlı olduğunu nümayiş etdirir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Azad Məsiyev deyib. Ekspert bildirib ki, Azərbaycan Orta Asiya respublikalarının hər biri ilə ikitərəfli əməkdaşlıqla yanaşı, çoxtərəfli formatlarda da əlaqələr qurur. Bu əməkdaşlıq Müstəqil Dövlətlər Birliyi, Orta Asiya ölkələri ilə əməkdaşlıq platformaları və Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilir. Eyni zamanda, Azərbaycan həmin ölkələrlə ikitərəfli əlaqələrini də genişləndirir. Ölkəmiz Orta Asiya respublikalarının hər biri ilə iqtisadi və siyasi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Bu ölkələrdən biri də Özbəkistandır. Özbəkistan Orta Asiyanın aparıcı dövlətlərindən biridir və Azərbaycanla əməkdaşlıqda xüsusi əhəmiyyətə malikdir. Bildiyiniz kimi, Özbəkistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sosial vəziyyətin yaxşılaşdırılması və infrastrukturun bərpası istiqamətində, o cümlədən məktəb tikintisi sahəsində Azərbaycana dəstək göstərir. Hazırda Azərbaycanla Özbəkistan arasında siyasi, iqtisadi və sosial sahələrdə əməkdaşlıq daha da genişlənməkdədir. Bu baxımdan Özbəkistan rəhbərinin Azərbaycana səfəri, Azərbaycan Prezidenti ilə ikitərəfli görüşlərin keçirilməsi, eləcə də iki ölkə arasında mövcud olan dostluq münasibətləri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan prezidentləri arasında formalaşmış dostluq münasibətləri hər iki xalqın tarixi köklərinə əsaslanır və gələcək strateji əməkdaşlığın inkişafına xidmət edir. Hesab edirəm ki, bu münasibətlərin daha da möhkəmlənməsi həm Azərbaycan, həm də Özbəkistan xalqlarının maraqlarına tam cavab verir. Unutmayaq ki, dünya siyasətində beynəlxalq hüquq mühüm rol oynasa da, güc amili də xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan türk dövlətləri arasında ortaq əməkdaşlıq formatlarının inkişafı gündəmə gəlir. Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatı mövcuddur. Hesab edirəm ki, biz bir millət və ortaq maraqlar ətrafında birləşərək Turan İttifaqı yaratmaqla dünyada yeni güc mərkəzinə çevrilə bilərik. Bu ittifaqda Özbəkistan da xüsusi çəkiyə və əhəmiyyətli mövqeyə malik ola bilər. Bu baxımdan ikitərəfli əməkdaşlıq gələcəkdə çoxtərəfli əlaqələrin inkişafına da təkan verə bilər. Bunun əsasını isə görüşlər, münasibətlər və qarşılıqlı dialoq təşkil edir.

Siyasi şərhçi qeyd edib ki, bu gün Azərbaycanda keçirilən tədbirlər, o cümlədən Asiya dövlətləri arasında əməkdaşlıq formatları qarşılıqlı anlaşmanın gücləndirilməsi və mövcud problemlərin aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, sosial və digər sahələrdə region dövlətləri arasında qarşılıqlı anlaşmanın təmin olunması üçün bu cür tədbirlərin keçirilməsi vacibdir. Azərbaycan coğrafi baxımdan kiçik dövlət olsa da, həyata keçirdiyi regional və geosiyasi siyasət sayəsində qlobal miqyasda özünəməxsus təsir imkanları yaradır. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər də bunu bir daha təsdiqləyir. Azərbaycan sözün həqiqi mənasında sabit dövlət kimi region ölkələrinin və geosiyasi proseslərə təsir göstərən qlobal güclərin maraqlarını uzlaşdırmağa çalışır. Bununla da ölkəmiz dünya ictimaiyyətinin diqqətini özünə cəlb edir. Azərbaycan coğrafi baxımdan Şərqlə Qərbin qovuşduğu məkanda yerləşir. Məhz bu regionda qlobal güclərin maraqları kəsişir və uzlaşır. Bildiyiniz kimi, Azərbaycan müxtəlif enerji layihələrini həyata keçirir, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında iştirak edir və Orta Dəhliz layihəsində mühüm rol oynayır. Eyni zamanda, Azərbaycan Prezidenti yaşıl enerji layihələrini gündəmə gətirib. Elektron kommunikasiyaların Azərbaycan üzərindən keçməklə müxtəlif istiqamətlərə və dünya bazarlarına çıxışının genişləndirilməsi də ölkəmizin strateji hədəfləri sırasındadır. Bütün bunlar Azərbaycanın həyata keçirdiyi xarici və daxili siyasətin məntiqi nəticəsidir. Belə ki, daxili sabitliyin təmin olunması xarici siyasətdə uğurlu addımların atılmasına şərait yaradır. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər də bu siyasətin nəticələrini nümayiş etdirir.

"Hesab edirəm ki, bu gün Azərbaycanda keçirilən tədbirlər dünyada mövcud olan problemlərin aradan qaldırılması, qarşılıqlı anlaşmanın gücləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir. Bu prosesdə Azərbaycanın təşəbbüskar mövqeyi xüsusi qeyd olunmalıdır. Ölkəmiz tədbirlərə ev sahibliyi etməklə region dövlətlərini və regiona maraq göstərən digər ölkələri bir araya gətirir, bununla da özünəməxsus mövqeyini nümayiş etdirir. Bu baxımdan Azərbaycana səfər edən prezidentlərin, xüsusilə də Özbəkistan Prezidentinin ölkəmizə gəlişi və Azərbaycan Prezidenti ilə keçirdiyi ikitərəfli görüşlər təqdirəlayiqdir və alqışlanmalıdır. Hesab edirəm ki, bu görüşlər gələcəkdə böyük layihələrin həyata keçirilməsi, qarşılıqlı anlaşmanın gücləndirilməsi və qarşılıqlı faydalı addımların atılması üçün əlverişli zəmin yaradır. Özbəkistan və digər Orta Asiya respublikalarının rəhbərləri ilə keçirilən görüşlər Azərbaycanın dövlət və milli maraqlarına tam uyğun gəlir", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31