Zəngəzur dəhlizi uğrunda geosiyasi mübarizə: ABŞ, Rusiya və İranın maraqları - ÖZƏL
15:00 Siyasət"Bu layihənin regionun geosiyasi vəziyyətinə təsiri artıq hamı tərəfindən qəbul edilən reallıqdır. Layihənin reallaşacağı təqdirdə regiondakı vəziyyət xeyli dəyişəcək. Artıq heç kim bunun əksini düşünmür. Hamı bilir ki, layihənin həyata keçirilməsi İranın və Rusiyanın bu bölgədəki mövqelərinə müəyyən təzyiqlər göstərəcək."
Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Bu layihə Azərbaycan-Ermənistan münasibətlərinə də müsbət təsir göstərəcək. Eyni zamanda, regionda bütün kommunikasiyaların açılmasını təşviq edən bir layihə kimi çıxış edəcək. Bundan əlavə, Qərbin, xüsusilə də ABŞ-ın regionda mövcudluğu üçün yeni imkanlar yaradacaq. Bütün bunlar sözügedən marşrutun regiondakı geosiyasi vəziyyətin dəyişməsinə təsir göstərmək potensialını artırır.
Marşrutla bağlı məsələnin yenidən gündəmə gəlməsi müsbət haldır. Lakin hələlik bu mövzunun müzakirəyə çıxarılması layihənin reallaşdırılması istiqamətində proseslərin sürətlənəcəyini deməyə əsas vermir. Təəssüf ki, Azərbaycan öz mövqeyini bəlli etsə də, Ermənistan tərəfindən hələlik yalnız dəvət xarakterli addım atılıb.
Bu kontekstdə hazırda iki ciddi təhlükə mövcuddur. Birincisi, İranla bağlı təhlükələrdir. Azərbaycan-İran münasibətləri hazırda elə bir səviyyədədir ki, tərəflər bir-birinin mühüm infrastruktur obyektlərinə zərbə endirilməsi ehtimalının mövcudluğunu aydın şəkildə dərk edirlər. ABŞ-İran münaqişəsi fonunda mövcud təhdidlərin daha da artması ehtimalı da nəzərdən qaçırılmamalıdır. İran tərəfindən Ermənistana qarşı təzyiqlərin artırılması və regiondakı infrastruktura yönələn təhdidlərin yaranması ehtimalını da istisna etmək olmaz.
Digər tərəfdən, Ermənistanla Rusiya arasında dəmir yolunun taleyi ilə bağlı aparılan müzakirələr və mövcud fikir ayrılıqları bu marşrutun açılması qarşısında ciddi maneələrdən biridir. Rusiya dəmir yoluna nəzarəti güzəştə getmək istəmir. Çünki dəmir yolu Rusiyanın regiondakı geosiyasi mövqeyini qoruyub saxlaması baxımından ən mühüm vasitələrdən biridir.
Rusiyanın Ermənistan dəmir yolu ilə bağlı güzəştə getməməsi isə Zəngəzur dəhlizi istiqamətində dəmir yolunun çəkilməsi və fəaliyyətə başlaması prosesini ciddi şəkildə çətinləşdirir. Dəmir yolunun açılmasının mümkün olması üçün Rusiya ilə Ermənistan arasında bu məsələ ilə bağlı razılıq əldə edilməlidir.
Ona görə də bu məsələnin yenidən gündəmə gəlməsi müsbət haldır. Lakin hazırkı mərhələdə marşrutun real olaraq açılması istiqamətində mövcud maneələrin aradan qaldırılması üçün ciddi imkanlar görmürəm."
İbrahim Məmmədli