Azərbaycanı AQEM-də sədrliyini daha iki il davam etdirməsi münasibətilə təbrik edirəm - Hun Manet
13:54 SiyasətAQEM-də Azərbaycanın sədrliyini yüksək qiymətləndiririk.
Bunu Kambocanın Baş naziri Hun Manet cümə axşamı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə çıxışı zamanı bildirib.
Baş nazir nümayəndə heyətinə göstərilən səmimi qəbul və qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlığını bildirib.
"Mən Azərbaycanın liderliyini yüksək qiymətləndirir və ölkənin AQEM-də sədrliyini daha iki il davam etdirməsi münasibətilə təbrik edirəm.
Bundan əlavə, Laos Xalq Demokratik Respublikasının AQEM-ə üzv dövlət kimi qəbul olunmasını alqışlayıram. Laosun iştirakı birliyin təmsilçiliyinin, inklüzivliyinin və dinamizminin güclənməsinə töhfə verəcək", - deyə o bildirib.
Qeyd edək ki, Azərbaycanın sədrliyi ilə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CİCA) VII Zirvə Görüşü keçirilir.
İclasda 2022-ci ildə AQEM-in transformasiyasına start verildikdən bəri əldə olunmuş inkişaf, eləcə də Azərbaycanın sədrliyinin təşkilatın möhkəmləndirilməsi və üzv dövlətlər arasında praktiki əməkdaşlığın irəlilədilməsi sahəsindəki nailiyyətləri nəzərdən keçiriləcək.
"Daha güclü AQEM: Asiyada əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişaf" şüarını rəhbər tutaraq, Azərbaycan 2024-2026-cı illər üzrə sədrliyi dövründə dialoqu və nəticəyönümlü əməkdaşlığı təşviq edib.