AZƏRBAYCANIN SİYASİ YOLUNDA 23 İLİN HƏLLEDİCİ İZLƏRİ-Özəl
13:52 Siyasət23 il bundan əvvəl, 2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin müasir siyasi tarixində yeni bir mərhələnin əsası qoyuldu. Həmin tarixdən başlayan dövr Azərbaycanın dövlətçilik salnaməsində mühüm yer tutdu. Bu 23 il ərzində ölkənin keçdiyi siyasi yol, qarşılaşdığı sınaqlar, qəbul edilən qərarlar və əldə olunan nəticələr dövlətçilik tariximizin mühüm səhifələrini təşkil edir.
Dövlətçilik zamanla ölçülür, onun həqiqi dəyəri isə tarixə, cəmiyyətə və gələcək nəsillərə töhfəsi ilə qiymətləndirilir. Ləyaqət dövlətin öz milli maraqlarını müdafiə etməsində, qürur hissi ilə xalqın öz tarixinə, suverenliyinə və gələcəyinə sahib çıxmasında təcəssüm olunur. Bəli, biz bu ləyaqəti, dövlətçilik ləyaqətini 23 ilə qazandıq. Yüz illər idi ki, bu nəfis siyasi havanı, bu qürurla dolu siyasi atmosferi öz ciyərlərimizə doyunca çəkə bilmirdik. Amma 23 ilə öz dövlətimizin bütün vücudunu ləyaqət, əxlaq məziyyətləri və inqrediyentləri ilə tam təmin etdik. 23 ilə 230 ilə bərabər uğurlar əldə etdik. Artıq 23 ildir ki, İlham Əliyev böyük Azərbaycanı idarə edir və biz bunu fəxrlə deyə bilərik. Bununla da ölkənin müasir tarixində yeni mərhələnin əsası qoyuldu və bu mərhələ dövlətin aktivinə qürurlu bir dövr kimi həkk olundu.
Bu illərin siyasi mənzərəsi yalnız qazanılan nailiyyətlərlə deyil, qarşıya çıxan çətinliklər, verilən qərarlar və onların nəticələri ilə də qiymətləndirilməlidir. Bütün çətinlikləri ləyaqətlə dəf etdik, bütün iradlara, təzyiqlərə və təsirlərə ləyaqətlə cavab verdik. Bütün fitnələrin, riyakarlığın və ikiüzlülüyün qarşısını ləyaqətlə aldıq. Nəticədə, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız, bütün azərbaycanlılar üçün şərəfli, şanlı, qüdrətli, suveren və qürurlu bir dövlət quruldu. Bu gün fəxrlə "Biz azərbaycanlıyıq!" deyə bilirik.
Uğurlarla dolu bu 23 ildə şanlı tariximiz yazılıb. Gələcək illərin də nailiyyətlərlə, zəfərlərlə və qürurverici anlarla dolu olmasını arzulayaq. Müdriklik, dəyanət, qətiyyət və prinsipiallıqla zəfərlərimizi davamlı edək.
Yaşasın şanlı dövlətimiz!
Ramil Hüseynov
"YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri, Siyasi ekspert