Azərbaycan beynəlxalq birliyi ortaq problemlərin həllinə yönəldir - ÖZƏL
13:48 Siyasət"Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) 2024-2026-cı illər üzrə Sədrlik Azərbaycan Respublikasının üzərinə düşüb. Üzərinə düşən vəzifə və öhdəlikləri zamanında və layiqincə yerinə yetirən, hətta bəzi məsələlərdə təşəbbüskarlıq göstərən Azərbaycan Respublikası qlobal aləmin diqqətini bu dəfə də yaxından cəlb etməyi bacarır. Bütün diqqətlər rəsmi Bakıdadır."
Bu fikirləri Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Beynəlxalq münasibətlər sistemində bu gün Asiyanın artan əhəmiyyətinin şahidiyik. Potensial imkanları baxımından bəlkə də indiyədək o qədər üzə çıxa bilməyən, özünü tam sistemləşdirə bilməyən Asiyada regional və qlobal münasibətlərin formalaşması istiqamətində qarşısıalınmaz inkişaf tendensiyası müşahidə olunur. Bu inkişaf pərakəndə xarakter daşımır, təsisatlar vasitəsilə daha da sistemləşdirilir.
Asiya qitəsinin 90 faizini əhatə edən 28 üzv dövlət bu dəfə Azərbaycanda toplaşır. Belə ki, AQEM üzvlərinin sayına görə Asiyanın ən böyük dialoq platformasıdır. Adından da göründüyü kimi, məsələlərin dialoq çərçivəsində həlli mühüm istiqamətdir. "Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf" şüarı çərçivəsində uzunmüddətli həll yollarının tapılması üçün liderlər bir araya gəlirlər.
Üç fəaliyyət istiqaməti nəzərə çarpır. Birincisi, AQEM-in institusional inkişafı və tamhüquqlu beynəlxalq təşkilata çevrilməsidir. İkincisi, mövcud etimad quruculuğu tədbirlərinin səmərəli və effektiv həyata keçirilməsidir. Üçüncüsü isə digər beynəlxalq və oxşar regional platformalarla qarşılıqlı əlaqələrin yaradılmasıdır.
Təbii ki, yeni tədbirlərin araşdırılması yolu ilə sahələrarası əməkdaşlığın təşviqi və beləliklə də, AQEM-in beynəlxalq nüfuzunun və təsir dairəsinin artırılması əsas hədəfdir. Azərbaycan bu platformada iştirakını yeni təşəbbüslərlə zənginləşdirir. Həmin təşəbbüslər AQEM-in təkmilləşməsinə və onun səmərəliliyinin artırılmasına töhfə verəcək.
Bu gün dövlətləri yaxından maraqlandıran məsələlər sabitlik, təhlükəsizlik və dayanıqlı inkişafdır. Bütün bunlar cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Dövlət başçımız strateji vizyona malik Lider olmaqla, çoxtərəfli diplomatiyaya verdiyi töhfəni növbəti dəfə nümayiş etdirir.
Təbii ki, Azərbaycanın sədrliyi dövründə verdiyi ən önəmli töhfələrdən biri AQEM Qadınlar Şurasının yaradılması olmuşdur. Həmin təşəbbüs qısa zaman çərçivəsində üzv dövlətlər tərəfindən razılaşdırılaraq təsdiq edilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tədbirin açılış mərasimində çıxış edərək Qadınlar Şurasının yaradılmasının Azərbaycanın AQEM-ə sədrliyinin önəmli təşəbbüsü olduğunu bildirmişdir.
Bununla yanaşı, AQEM Maliyyə Sammitinin yaradılması da mühüm əhəmiyyət kəsb edir. Məhz Azərbaycanın sədrliyi dövründə AQEM üzv dövlətlərinin ali təhsil müəssisələri arasında əməkdaşlığın əsası qoyulur, bu istiqamətin daha da güclənməsinə töhfə verilir.
Tədbir boyu bir neçə önəmli sənədin qəbulu nəzərdə tutulur. Bunlardan ən önəmlisi Bakı Bəyannaməsinin, həmçinin Əməyin təhlükəsizliyi və sağlamlığı mövzusunda ayrıca bəyanatın qəbul edilməsidir. Diqqətçəkən məqamlardan biri də Laosun AQEM-ə yeni üzv qismində qəbul edilməsidir.
Mərkəzi və Cənub-Şərqi Asiya, eləcə də Yaxın Şərq regionlarından olan dövlət və hökumət başçılarının bir araya gəlməsi Azərbaycanın çoxtərəfli diplomatiya təşəbbüsü ilə üst-üstə düşür.
Bu gün beynəlxalq münasibətlər sistemində gərginlik artır. Məhz belə bir şəraitdə Sammitdə yüksək səviyyədə iş ortaya qoyan Azərbaycan beynəlxalq birliyi ortaq problemlərin həllinə yönəldir."
İbrahim Məmmədli