"Onlar bir şəbəkədir!"-Tanınmış yazıçı gizli məqamları açdı- VİDEO
13:45 SiyasətTarixi romanlar müəllifi, yazıçı Yunus Oğuz cəmiyyətdə dini mövzular ətrafında aparılan müzakirələrə münasibət bildirib.
Herbiand.az xəbər verir ki, yazıçı ictimaiyyətə video-müraciət edərək insanları dünyada baş verən elmi-texnoloji yeniliklərə, müasir inkişaf proseslərinə diqqət yetirməyə çağırıb.
"İlon Mask başqa planetlərdə həyat axtarır, biz isə hicabı necə bağlamağı, hətta bəzən aftafadan necə istifadə etməyi müzakirə edirik. Oyan, ətrafına bax! Dünya hara gedir, biz hansı məsələlərlə məşğuluq?"
Yunus Oğuz cəmiyyətdə dini ənənələrlə gündəlik həyat tərzi arasında müşahidə etdiyi ziddiyyətlərə də diqqət çəkib:
"Xalqımızın psixologiyasında maraqlı bir nüans var. Biz dini dəyərlərə, inanclara sayğılıyıq, amma düşüncəmiz müasirdir. Gəlini evdən Quranla çıxarırıq, sonra şadlıq evinə gedib yeyib-içir, əylənirik.
Ona görə də mən o adamlara səslənirəm: dindar ol, amma cahillik etmə! Əgər Qərbin həyat tərzini bu qədər tənqid edirsənsə, onda Avropanın istehsal etdiyi texnikadan, ətirlərdən də istifadə etmə. Mobil telefonu kənara qoy, xəbərləşmək üçün göyərçindən istifadə et!"
Yazıçı hesab edir ki, dini mövzuların daim gündəmdə saxlanılması təsadüfi deyil. Onun fikrincə, bu istiqamətdə müəyyən qruplar əlaqəli şəkildə fəaliyyət göstərirlər.
"Onlar bir şəbəkədir və bu şəbəkə də işləyir", - deyə Yunus Oğuz vurğulayıb.