TRIPP-ə "böyük qırmızı işıq": Rusiya və İran layihəyə necə mane olur? – ÖZƏL
13:15 SiyasətErməni politoloq Suren Sarkisyan TRIPP-in gecikməsinin 2 səbəbini açıqlayıb. Layihə 2025-ci ilin avqustunda Tramp administrasiyası tərəfindən Orta Dəhlizin Ermənistan üzərindən genişlənməsi üçün irəli sürülüb. ABŞ fond ayırsa da, tikinti başlamayıb, İlham Əliyevin sözlərinə görə 2027-ci ilin əvvəlində başlaya bilər. Sarkisyana görə birinci maneə İrandır. Marşrut sərhəddən bir neçə yüz metr aralı keçir və Tehran etiraz edir. Müharibə olarsa marşrut hədəfə çevrilə bilər. İkinci maneə Rusiyadır. Ermənistan dəmir yolu Rusiya Dəmir Yollarının konsessiyasındadır və Moskva ya 400 mln dollar kompensasiya, ya da layihədə pay istəyir. Ekspert hesab edir ki, TRIPP-in taleyi artıq Bakı və İrəvandan yox, Vaşinqtonun Tehran və Moskva ilə razılaşmasından asılıdır.
TRIPP-in ləngiməsində əsas faktor İran təhlükəsizlik riskidir, yoxsa Rusiyanın dəmir yolu konsessiyası? ABŞ Rusiyaya TRIPP-də rol verməyə razılaşarmı? İranla razılaşma olmadan TRIPP-in işə düşməsi realdırmı?
"TRIPP layihəsinin həyata keçirilməsinə mane olan əsas amillərdən biri İranla ABŞ arasında münasibətlərin gərgin olmasıdır. Hələlik iki ölkə arasında heç bir saziş imzalanmayıb və istənilən an müharibənin yenidən başlama ehtimalı var. ABŞ İrana yenidən hücum edə, raket zərbələri endirə bilər. Belə olan halda İran da cavab tədbirləri çərçivəsində ABŞ-nin maraqlarının olduğu əraziləri hədəfə ala bilər. Nəzərə alsaq ki, TRIPP layihəsi ABŞ-nin təşəbbüsü ilə həyata keçirilir və Vaşinqtonun bu layihədə maraqları var, İranın marşrutun keçdiyi əraziləri vurmaq ehtimalı da istisna edilmir. İran rəsmiləri dəfələrlə bəyan ediblər ki, müharibə yenidən başlayacağı təqdirdə ABŞ-nin iqtisadi və texnoloji maraqlarının olduğu ərazilər hədəfə alına bilər. Bütün bunlar layihənin həyata keçirilməsi üçün ciddi maneədir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Ekspert bildirib ki, digər tərəfdən, TRIPP-in reallaşması və marşrutun açılması İranın maraqlarına uyğun deyil. Dəhlizin açılması məsələsi gündəmə gələndən bəri Tehran buna narazılıq edib. İndi isə layihənin ABŞ-nin birbaşa iştirakı ilə həyata keçirilməsi və Vaşinqtonla Tehran arasında münasibətlərin gərginləşməsi İranın prosesə mane olmaq marağını daha da artıra bilər. İkinci mühüm amil Rusiyanın Ermənistanın dəmir yolları üzərindəki nəzarəti ilə bağlıdır. Məlum olduğu kimi, Ermənistanın dəmir yollarının idarəçiliyi Rusiyaya məxsusdur və bu məsələ uzun müddətdir Moskva ilə İrəvan arasında mübahisə predmetinə çevrilib. Ermənistanın Baş naziri Nikol Paşinyan da dəfələrlə bu məsələnin müzakirə olunduğunu bildirib. Rusiya Ermənistanın dəmir yollarına nəzarət etdiyi müddətdə TRIPP layihəsində iştirak etmək və öz maraqlarını təmin etmək istəyəcək. Buna görə də Ermənistan, ilk növbədə, Rusiya ilə dəmir yolları məsələsini həll etməlidir. Belə bir vəziyyətdə TRIPP layihəsinin gecikməsi baş verir. Bu gecikmə region dövlətlərinin maraqları uzlaşmayana qədər davam edə bilər. Çünki Rusiya və İran da sözügedən layihədə öz maraqlarını qorumağa çalışırlar.
Ekspertin fikrincə, Rusiya ilə ABŞ arasında müəyyən razılaşmalar əldə oluna bilər. Heç kimin gözləmədiyi bir vaxtda Rusiya ilə ABŞ arasında dizel yanacağı ilə bağlı böyük razılaşma əldə olundu. Dünyada buna qarşı çıxan qüvvələr olsa da, hazırda iki ölkə arasında energetika, iqtisadiyyat və logistika sahələrində geniş müzakirələr aparılır. Hər iki dövlət bu danışıqlarda öz iqtisadi maraqlarını nəzərə alır. Bu baxımdan, Rusiya ilə ABŞ arasında TRIPP layihəsi ilə bağlı da razılaşmanın əldə olunması mümkündür. Lakin hazırkı vəziyyətdə İranla bağlı belə bir razılaşmanın əldə olunacağını düşünmürəm. Gözləyək və hadisələrin necə inkişaf edəcəyini görək. Dünya sürətlə dəyişir və hər an gözlənilməz hadisələr baş verə bilər. Hələlik isə mövcud vəziyyət belədir.
Səidə Ramazanova