Prezident İlham Əliyev: BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək
12:52 SiyasətBMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq.
Bu fikri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı səsləndirib.
"İşğalın, eləcə də Azərbaycan xalqının tarixi Qələbəsinin mahiyyətini və xarakterini tam anlamaq üçün qonaqlarımız Zəfər parkını, Zəfər muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət edə bilərlər", - deyə dövlətimizin başçısı vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın Sədrliyi ilə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının (CİCA) Yeddinci Sammiti keçirilir.
İclasda 2022-ci ildə AQEM-in transformasiyasına start verildikdən bəri əldə olunmuş inkişaf, eləcə də Azərbaycanın Sədrliyinin təşkilatın möhkəmləndirilməsi və Üzv Dövlətlər arasında praktiki əməkdaşlığın irəlilədilməsi sahəsindəki nailiyyətləri nəzərdən keçiriləcək.
Tədbirdə dövlət və hökumət başçıları, AQEM-ə üzv dövlətlərin, müşahidəçi dövlətlərin, müşahidəçi təşkilatların və tərəfdaş qurumların nümayəndə heyətləri iştirak edirlər.
Sammit beynəlxalq münasibətlərdə, o cümlədən Asiyada dövlətlərarası ziddiyyətlərin kəskinləşdiyi, münaqişələrin alovlandığı və yeni münaqişə ocaqlarının yaranması ilə müşahidə olunan mürəkkəb mühitdə üzv dövlətlər arasında dialoq və etimad quruculuğu məsələlərinin müzakirəsi üçün mühüm fürsət təşkil edir.
Laosun yeni üzv qismində AQEM-ə qəbul edilməsi sammitin ən əlamətdar nəticələrindən biri hesab olunur. Tədbir AQEM çərçivəsində fəaliyyətin təşviqi və ayrı-ayrı istiqamətlər üzrə əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində sənədlərin qəbulu ilə əlamətdar olacaq.
Sammitin ən mühüm siyasi sənədi kimi Bakı Bəyannaməsinin qəbulu gözlənilir. Sənəddə Azərbaycanın AQEM-ə sədrliyi bütün dövlətlər tərəfindən təqdir edilir, iki il ərzində müxtəlif istiqamətlər üzrə irəli sürülmüş təşəbbüslər və keçirilmiş tədbirlər alqışlanır. Sənəddə həmçinin, beynəlxalq nizamın təşviqi, hərbi-siyasi, iqtisadi, ətraf mühit kimi sahələrdə risklərlə mübarizə yollarına dair konkret müddəalar öz əksini tapır. Bakı bəyannaməsində dözümlülük və sivilizasiyalar arası dialoqun təşviqi, təhlükəsizlik və rifah naminə elm, təhsil və innovasiyalardan istifadənin irəlilədilməsi, o cümlədən süni intellektin inkişafından qaynaqlanan imkan və risklərə xüsusi diqqət yetirilir.
Bakı bəyannaməsindən əlavə, sammitdə Əməyin təhlükəsizliyi və sağlamlığı mövzusunda ayrıca bəyanatın da qəbulu nəzərdə tutulur.