Zamanın sınağından keçən liderlik və inkişaf yolu-Özəl
11:59 Siyasət"15 oktyabr 2003-cü il Azərbaycan dövlətçiliyinin müasir tarixində mühüm dönüş nöqtələrindən biridir. Həmin gün xalqın iradəsi ilə İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin qarşısında yeni siyasi, iqtisadi və strateji hədəflər müəyyənləşdirdi. Bu tarix, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunun yeni mərhələdə davam etdirilməsi baxımından mühüm hadisə oldu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əliyeva deyib: "İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan genişmiqyaslı inkişaf yoluna qədəm qoydu. Ölkənin iqtisadi potensialının gücləndirilməsi, regionların inkişafı, müasir infrastrukturun yaradılması, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə ciddi təsir göstərdi. Bakı ilə yanaşı, bölgələrin də sosial-iqtisadi simasının dəyişməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.
Azərbaycan zaman keçdikcə yalnız iqtisadi imkanları artan deyil, həm də öz milli maraqlarını qlobal miqyasda qətiyyətlə müdafiə edən dövlət kimi tanındı. Bu dövrün ən mühüm nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır.
2020-ci ilin Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın tarixi Zəfərinin təmin edilməsi dövlətçilik tariximizin ən parlaq səhifələrindən birinə çevrildi. Bu qələbə uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin, güclü ordu quruculuğunun, iqtisadi qüdrətin və ən başlıcası, siyasi iradənin nəticəsi idi.
İlham Əliyevin liderliyinin mühüm xüsusiyyəti ondan ibarətdir ki, dövlət siyasəti yalnız bugünün problemlərinin həllinə deyil, gələcəyin Azərbaycanının formalaşdırılmasına istiqamətlənib. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı, yeni şəhər və kəndlərin salınması Azərbaycanın Zəfərini real quruculuq prosesinə çevirir.
Bu illər ərzində Azərbaycan beynəlxalq münasibətlər sistemində də öz çəkisini əhəmiyyətli dərəcədə artırıb. Ölkəmizin müxtəlif beynəlxalq və regional platformalarda fəal iştirakı, mühüm tədbirlərə ev sahibliyi etməsi, Türk dünyası ilə münasibətlərin strateji səviyyəyə yüksəlməsi Azərbaycanın diplomatik imkanlarının genişlənməsinin göstəricisidir.
Bu gün 15 oktyabr tarixinin mahiyyətinə nəzər salarkən bir həqiqət aydın görünür: 2003-cü ildə başlanmış siyasi yol Azərbaycanın dövlətçilik tarixində mühüm nəticələrlə yadda qalıb. Bu yol güclü dövlət, qüdrətli ordu, dayanıqlı iqtisadiyyat, milli həmrəylik və beynəlxalq nüfuz kimi mühüm dayaqlar üzərində inkişaf edib.
22 il əvvəl xalqın etimadı ilə başlayan bu mərhələ Azərbaycanı qalib dövlət statusuna yüksəldən tarixi proseslərin əsas siyasi çərçivələrindən birinə çevrilib. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün yalnız keçmiş nailiyyətlərini qoruyan deyil, yeni geosiyasi reallıqlar formalaşdıran, gələcəyə böyük inamla addımlayan dövlətdir.
15 oktyabr bu baxımdan sadəcə təqvimdə qeyd olunan tarix deyil. Bu tarix Azərbaycan xalqının siyasi iradəsinin, dövlətçilik əzminin və inkişaf yoluna inamının simvoludur. Bu yolun əsas qayəsi isə dəyişməzdir: müstəqil, güclü, qalib və daim inkişaf edən Azərbaycan!"