Xaricdən gələn ideoloji təhdidlərin qarşısı alınmalıdır-Özəl
11:11 Siyasət"Müxtəlif ölkələrin təsiri altında olan radikal qruplarla yanaşı, Türkiyənin bir sıra media orqanlarında və sosial media platformalarında, o cümlədən AKP iqtidarına yaxınlığı ilə tanınan informasiya resurslarında Azərbaycan haqqında həqiqətə uyğun olmayan, qərəzli, böhtan və iftira xarakterli məlumatların yayılması müşahidə edilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, professor Hicran Hüseynova deyib: "Səfirliyimizin önünüdə aksiyalar keçirilir. Yeni Azərbaycan Partiyasının və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun son dövrlərdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının bəzi nümayəndələrinin (o cümlədən Prezidentin baş müşaviri Oktay Saral və bəzi deputatların) Azərbaycana qarşı səsləndirdiyi tənqidi fikirlərə və media kampaniyalarına verdiyi bəyanat olduqca vacibdir. Azərbaycan indiyədək iki qardaş partiya və ölkə arasındakı strateji müttəfiqliyi, "Bir millət, iki dövlət" prinsipini nəzərə alaraq tənqidlərə qarşı təmkinli davranıb. Lakin Türkiyə rəsmilərinin və hakim partiya nümayəndələrinin bu kampaniyaya qoşulması artıq sükutu qeyri-mümkün edib. Azərbaycan müstəqil və suveren dövlətdir. O, balanslı xarici siyasət yürüdür. Digər dövlətlərlə olduğu kimi, İsraillə münasibətlərin normal dövlətlərarası əlaqələrdir. Azərbaycan Fələstinə hər zaman dəstək göstərib (maliyyə, humanitar yardımlar, səfirliyin fəaliyyəti) və "iki dövlət" prinsipinin tərəfdarı olduğunu rəsmi şəkildə bəyan etmişdir. Baxmayaraq ki, Fələstin Azərbaycanın haqlı mübarizəsində yanında olmayıb. Azərbaycanın təhsil sahəsindəki dünyəvi prinsipləri və daxili qanunvericiliyi müdafiə olunur. Və Bəyanatlarda da qeyd edildiyi kimi, daxili qərarlar və dünyəvi dövlət quruluşu siyasi manipulyasiya obyekti ola bilməz. O zaman, xatırlatmaq yerinə düşər ki, Mustafa Kamal Atatürk Türk dünyasının ilk qadın vəkili və görkəmli hüquqşünas Sürəyya Ağaoğlunu və bacılarını türk qızlarının, təhsilli və müasir qadınların simvolu hesab edirdi. Bu bir həqiqətdir və danmaq mümkün deyil. Türkiyənin bəzi media resurslarında və fərdləri tərəfindən Azərbaycan Prezidentinə qarşı təhqiredici ifadələrin işlədilməsinin cəmiyyətdə haqlı hiddət doğurduğu vurğulanır. Və bu heç bir halda qəbul edilə bilməz. ən vacib geosiyasi mesajlarından biri məhz bu ifadənin sərhədlərinin cızılmasıdır. Biz Türkiyə ilə bağlı hər zaman Ulu Öndərimiz Heydər Əliyevin irəli sürdüyü siyasi şüarı əsas götürmüşük: "Bir millət- iki dövlət". "Bir millət" olmaq qardaşlıq və mənəvi bağlar deməkdir, lakin "iki müstəqil dövlət" reallığı heç bir ölkəyə (qardaş Türkiyə belə olsa) digərinin daxili işlərinə qarışmaq, öz ideologiyasını və ya iradəsini diktə etmək haqqı vermir. Azərbaycanın öz daxili siyasətinə, dünyəvi dəyərlərinə və suverenliyinə kənardan gələn hər hansı ideoloji təzyiqə və ya əsassız ittihamlara dözməyəcək, qətiyyətlə mübarizə aparacaq. Hazırda qarşıda duran başlıca vəzifə Azərbaycanın ideoloji təhlükəsizliyinin təmin edilməsi, xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması, gənc nəsli, uşaqları belə təsirlərdən qorumaqdır. Bu işdə hər bir vətəndaş fəal və ayıq-sayıq olmalı, belə cəhdləri ifşa etməlidir".