Azərbaycan-Türkiyə münasibətlərinin dərinləşməsini istəməyən qüvvələr var-ÖZƏL

Azərbaycan Konstitusiyasına əsasən, din dövlətdən ayrıdır və ölkə dünyəvi dövlət modelinə əsaslanır. Bu prinsip Azərbaycanın multikulturalizm, dini dözümlülük və müxtəlif konfessiyaların dinc yanaşı yaşaması ənənəsinin qorunmasına xidmət edir. 
Türkiyə mətbuatında Azərbaycanın dünyəvilik siyasətini tənqid edən yanaşmaların regional sabitliyə mümkün təsirləri də müzakirə mövzusudur.

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib: 

" Təəssüf ki, Türkiyədə son 20 ildə siyasi islamçılıq geniş vüsət alıb və artıq Türkiyə cəmiyyətinin də, dövlətin də idarə olunmasında aktiv rol oynayır. Təəssüf ki, bu qruplar, bu düşüncə sahibləri hesab edirlər ki, hər kəs onlar kimi düşünməli, onlar kimi hərəkət etməlidir. Sanki öz düşüncələrini digərlərinə qəbul etdirmək cəhdləri var.
Bu baxımdan, Türkiyə mediasında, xüsusilə də son vaxtlar Azərbaycana qarşı yönəlmiş tənqidlər əsassızdır və qəbuledilməzdir. Bu, Azərbaycan və Türkiyə münasibətlərinə xeyir gətirəcək addımlar deyil. Amma nəzərə almalıyıq ki, Türkiyə cəmiyyəti yekcins cəmiyyət deyil və orada da çox müxtəlif qruplaşmalar var. Heç də düşünməməliyik ki, bu qrupların hamısı hakimiyyətə bağlıdır. Həmin qrupların əhəmiyyətli hissəsi bu və ya digər formada xaricdən idarə olunur və onların təsir qrupları, yaxud agentura şəbəkəsi, proksi qüvvələri fəaliyyət göstərir. Nəzərə almaq lazımdır ki, həm Azərbaycanda, həm də Türkiyədə Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərini qəbul etməyən, bunu istəməyən qüvvələr var. Onlar münasibətlərimizin dərinləşməsinə qarşı müqavimət göstərməyə çalışacaqlar. Əslində, indi də bunu görürük.
Bu baxımdan, bizim üçün önəmli olan Türkiyənin rəsmi qurumlarının və siyasi partiyalarının məsələyə münasibətidir. Biz bunu da görürük və verilən açıqlamalar göstərir ki, rəsmi qurumlar həmin mövqeləri bölüşmür. Bəli, ola bilsin ki, kimlərsə hakimiyyətdə bunda maraqlı olsun, amma bu, hələ Türkiyə dövləti demək deyil.
Ona görə hesab edirəm ki, bu cür kampaniyalar bir müddət davam edib dayanacaq, amma Azərbaycan-Türkiyə münasibətləri dərinləşməkdə davam edəcək. Çünki hər iki dövlətin, ən azı, praqmatik baxımdan maraqları ondan ibarətdir ki, münasibətlərimiz dərinləşsin, inteqrasiya genişlənsin. Azərbaycan və Türkiyənin dostluq, qardaşlıq və müttəfiqliyi regional siyasət və təhlükəsizlik arxitekturası üçün olduqca vacibdir.
Türkiyə Azərbaycan üçün nə qədər dəyərli və vacibdirsə, Azərbaycan da Türkiyə üçün o qədər dəyərli və vacibdir. Bunu da hər kəs dərk etməlidir.
O baxımdan düşünmürəm ki, bu cür iftiraya söykənən kampaniyalar münasibətlərimizə hansısa təsir göstərəcək. Necə deyərlər, yel qayadan bir şey apara bilməz. Amma hər halda istəməzdik ki, Türkiyə cəmiyyətində, daha doğrusu, mətbuatında bu cür yanaşmalar olsun. Bir daha qeyd edirəm ki, Türkiyə cəmiyyəti yekcins cəmiyyət deyil və heç də hər kəs konkret olaraq bir mərkəzdən idarə olunmur. Qeyd etdiyimiz kimi, Azərbaycan-Türkiyə münasibətlərinin dərinləşməsini istəməyən çoxsaylı qruplar, qruplaşmalar və təsir agentləri var. Onlar bu prosesi əngəlləmək və münasibətləri korlamaq istəyirlər.
O baxımdan, biz məsələyə daha ayıq-sayıq yanaşmalıyıq. Eyni zamanda, təbii ki, daxili işlərimizə qarışmaq cəhdlərinə də kifayət qədər sərt münasibət göstərməliyik. Düşünürəm ki, bu kampaniya keçici olacaq və Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz olaraq qalacaq, inkişafını davam etdirəcək. Ən azı, son bir ayı götürsək, görərik ki, Türkiyənin xarici işlər naziri Azərbaycana səfər edib və iki gün burada olub. Bundan başqa, müdafiə sənayesi kompleksinin sərgisində Azərbaycan və Türkiyə arasında 500 milyonluq anlaşma imzalanıb. Həmçinin Azərbaycan-Türkiyə-Özbəkistan birgə təlimləri keçirilib və Türkiyə ilə Azərbaycan müdafiə nazirləri, eləcə də Özbəkistanın müdafiə naziri bu təlimləri izləyiblər.
Yəni bunlar münasibətlərimiz haqqında daha müsbət düşünməyə əsas verir, nəinki hansısa təsir qruplarının, agentura şəbəkələrinin ortalığı qarışdırmaq cəhdləri.
Bir daha qeyd edirəm ki, biz ayıq olmalı, Azərbaycan-Türkiyə münasibətlərinin daha da dərinləşməsinə nail olmaq istiqamətində addımlar atmalıyıq. Çünki Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri Türk dünyası, Türk dövlətləri ilə münasibətləri dərinləşdirməkdir və bunu da nəzərə almalıyıq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31