Türkiyədə Azərbaycana qarşı təxribat: Məqsəd nədir? – ÖZƏL
17:57 Siyasət"Türkiyə demokratik dövlətdir və burada müxtəlif ideoloji cərəyanların nümayəndələrinin həm ölkə mediasında, həm də özlərinə məxsus media qurumlarında fikirlərini sərbəst ifadə etmək imkanları var. Təəssüflər olsun ki, son zamanlar Türkiyə mediasında Azərbaycana qarşı qərəzli fikirlərin səsləndirilməsinin şahidi oluruq. Bu münasibəti və yanaşmanı dərindən araşdırdıqda görürük ki, onlar heç də Türkiyə dövlətinin və türk millətinin Azərbaycan dövlətinə və Azərbaycan xalqına münasibətini əks etdirmir".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, xüsusilə, Azərbaycan Respublikasının İstanbul şəhərində yerləşən Baş konsulluğunun qarşısında keçirilən aksiya bir daha göstərir ki, Türkiyədə, Türkiyə ərazisində beşinci kolon kimi fəaliyyət göstərən çevrələr Azərbaycan-Türkiyə münasibətlərinin bu qədər yüksək səviyyədə olmasından narahatdırlar. Onlar mümkün qədər müxtəlif vasitə və üsullardan istifadə edərək bu münasibətləri korlamağa çalışırlar.
Nəzərə alsaq ki, Türkiyədəki AKP iqtidarı dini-ideoloji dünyagörüşünə malikdir, Azərbaycan iqtidarı isə daha sekulyar, dünyəvi dövlət modelinin tərəfdarıdır, məhz bu fərqli siyasi-ideoloji xətlərdən sui-istifadə etmək istəyən dairələr həm iki dövlət, həm iki xalq, həm də iki iqtidar və iki lider arasında müəyyən münaqişələr yaratmağa çalışırlar. Amma unutmamalıyıq ki, Azərbaycan xalqının çox özəl bir deyimi var: "Ət ilə dırnaq arasına girəni itlər yeyər". Yəni, belə qüvvələr münasibətlərdə özlərinə yer edə bilməzlər. Onlar murdar bir ünsür kimi gec-tez ifşa olunacaq və kənarlaşdırılacaqlar.
"Bu gün Azərbaycan-Türkiyə münasibətlərini korlamağa səy göstərən, fəaliyyətinin təməlini Azərbaycan və Türkiyə dövlətlərindən, Azərbaycan və türk xalqlarından götürməyən belə ideoloji cərəyanlar da gec-tez ifşa olunacaqlar. "Bir millət, iki dövlət" prinsipi üzərində qurulan Azərbaycan-Türkiyə dövlətlərarası və xalqlararası münasibətləri bundan sonra da sağlam təməl üzərində inkişaf edəcəkdir.
Təəssüflər olsun ki, bu gün ölkəmizə, dövlətimizə, xalqımıza və Azərbaycanın mövcud siyasi sisteminə qarşı Türkiyədə müəyyən qərəzli və təxribat yönümlü fikirlər səsləndirilir. Bu isə yolverilməzdir. İnanıram ki, Türkiyənin rəsmi dairələri bundan əvvəl olduğu kimi, bu həssas dönəmdə də təxribat xarakterli, dostluq münasibətlərinə xələl gətirən açıqlamalara və münasibətlərə öz reaksiyalarını verəcəklər", - deyə ekspert vurğulayıb.
Səidə Ramazanova