Bəhruz Quliyev: “Dini amildən siyasi məqsədlərlə istifadə olunması yolverilməzdir” – ÖZƏL
15:10 Siyasət"Azərbaycan dünyəvi dövlətdir və bu, bizim Konstitusiyamızın əsas prinsiplərindən biridir. Dünyəvilik dinə qarşı olmaq deyil, dövlət idarəçiliyinin dini təsirlərdən müstəqilliyini, bütün vətəndaşların dini etiqad azadlığını və qanun qarşısında bərabərliyini təmin etməkdir. Türkiyədə 15 iyul hadisələri göstərdi ki, dini amildən siyasi məqsədlərlə istifadə edilməsi dövlətçiliyə və milli təhlükəsizliyə ciddi təhdid yarada bilər. Buna görə də dini məsələlərin siyasi təzyiq vasitəsinə çevrilməsi yolverilməzdir".
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, Türkiyə mətbuatında Azərbaycanın dünyəvilik siyasətini tənqid edən yanaşmalara gəlincə, hesab edirəm ki, hər bir dövlətin öz konstitusion prinsiplərinə hörmətlə yanaşılmalıdır. Azərbaycan öz dünyəvi dövlət modelini milli maraqları, tarixi təcrübəsi və multikultural dəyərləri əsasında qurub. Azərbaycanla Türkiyə qardaşlığı qarşılıqlı hörmətə, etimada və suverenliyə hörmət prinsipinə əsaslanır. Dini məsələlər üzərindən süni qarşıdurma yaratmaq bu münasibətlərin ruhuna zərər verə və münasibətlərimizdə problem yarada bilər.
"Məncə bizim mövqeyimiz aydındır, belə ki, müstəqil siyasət, dinə hörmət, dünyəvi dövlətçilik və Azərbaycan-Türkiyə qardaşlığı bir-birinə zidd deyil. Əksinə, bunlar regional sabitliyin və güclü dövlətçiliyin mühüm təminatlarıdır. Ona görə də, Türkiyədən din pərdəsi altında Azərbaycana edilən təhdidlərə və təzyiqlərə son qoyulmalıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın dövlətdaxili qərarları və qaydaları öz daxili işidir, kənardan müdaxilə etmək qardaşlıq münasibətlərinə zərər vura bilər", - deyə B.Quliyev əlavə edib.
Səidə Ramazanova