Rusiya çökür, yoxsa yenidən şaxələnir? – Hərbi büdcənin real pərdəarxası – ÖZƏL
16:44 Siyasət"Ukrayna-Rusiya savaşı uzun müddətdir davam edir və savaşın nəticəsi etibarilə biz görürük ki, hər iki tərəfdə də iqtisadi baxımdan vəziyyət getdikcə gərginləşir. Yəni, büdcənin formalaşması tamamilə dəyişib və bu büdcədən ayrılan vəsaitlər də, belə deyək, daha öncəki ayrılmalardan fərqlənir. Hər iki dövlətin büdcəsində maliyyələşmə daha çox hərbi istehsalata yönəlməyə başlayıb ki, bu da təbii ki, digər sahələrdə azalmalara gətirib çıxarır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Ekspert bildirib ki, Rusiyanın bu gün 17 milyarddan çox vəsait ayırması və hərbiyə daha çox maliyyə yönəltməsi o deməkdir ki, yeni infrastrukturların, yeni istehsalat sahələrinin yaranması baş verir. Yəni, bu, əslində, tamamilə bu ölkənin batması demək deyil. Yeni sahələrin yaranması və bu sahələrin də, belə deyək, 70 faizinin artıq hərbi baxımdan çalışacağını, hərbə xidmət edəcəyini göstərir. Bu da təbii ki, müharibə dövründə artıq bir qədər normal sayılır.
"Digər sahələrə gəldikdə isə, bunu Sovet dövrü ilə müqayisə etmək düzgün deyil. Çünki dövr artıq dəyişib. Ancaq təbii ki, büdcənin hərbi məqsədlərə ayrılması həm iqtisadi baxımdan insanların vəziyyətinə təsir göstərəcək, sosial ayırmalar burada azalacaq ki, bu da insanların yaşayışına təsir edəcək. Eyni zamanda, təhsilə ayrılan vəsaitlər azalacaq ki, bu da təhsilə təsir edəcək. İnfrastruktur baxımından, yol çəkilişi baxımından və digər sahələrdə geriləmələr əmələ gələcək. Bu da təbii ki, insanların və ümumiyyətlə, Rusiyanın özünün vəziyyətində açıq şəkildə özünü göstərəcək. Bu, insanların yaşayışında, sosial rifahında geriləməyə gətirib çıxaracaq. Ancaq bu, tam o demək deyil ki, bu gün Rusiyada baş verən büdcə ayırmaları ölkənin iqtisadiyyatının tamamilə geriləməsi deməkdir. İqtisadiyyatda geriləmə olsa da, hansısa başqa sahələrdə inkişaf gedəcək və bu da ən çox regionlardakı inkişafla bağlı ola bilər. Çünki hərbi baxımdan ayrılan büdcələr, oradakı istehsalatlar regionlara yönəldiləcək ki, həmin regionlarda da bir növ istehsalat gedərək inkişafın mümkün olması təmin edilsin. Təbii ki, bunu da demək lazımdır ki, bu istehsalata verilən güc və bu büdcələrin ayrılması vergi ödəyicisi olan insanlara təsir göstərəcək, belə deyək, onların cibindən çıxacaq. Burada həm biznes sahələri böyük problemlər yaşamağa başlayacaq. Eyni zamanda, vergi ödəyicisi olan insanların hər birində bu geriləmə özünü göstərəcək. Çünki büdcədə vəsait olmalıdır və büdcədən bu istehsalata subsidiyalar və digər maliyyə vəsaitləri ayrılmalıdır. Bu da təbii ki, Rusiyanın həm büdcəsinə böyük məbləğlərdə təsir göstərəcək, həm də vergi ödəyicisi olan insanların sosial rifahına və həyatına böyük təsir göstərəcək. Və burada demək lazımdır ki, Rusiya öz seçimini bu sahədə edib. Çünki Rusiya üçün insanların rifahından, oradakı normal yaşayışdan öncə təhlükəsizlik prioritet təşkil edir. Rusiyada bu gün bütün proqramını ona görə hazırlayıb ki, birinci növbədə həm Ukrayna müharibəsində, həm də Qərbdən gələn təzyiqlərə qarşı hərbi büdcəni artıraraq öz təhlükəsizliyini təmin etmək niyyətindədir", - deyə ekspert əlavə edib.
Səidə Ramazanova