“Sülhə gedən yol münaqişəyə qayıtmaqdan daha yaxındır" – ŞƏRH – ÖZƏL

"Azərbaycan və Ermənistan arasında müharibə bitib. Düzdür, risklər hər zaman var. Ümumiyyətlə, dünyada bu gün qarşıda olan hər hansı bir münaqişə ehtimalı kifayət qədər çoxdur. Hətta hesab edirəm ki, dünyada 130-a qədər münaqişə ocağı var. Amma düşünürəm ki, Azərbaycan və Ermənistan arasında 2020-ci ildə müharibə başa çatıb".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, bu və digər məsələlərdə tərəflərin müəyyən razılaşmaları var. İlkin sülh sazişinin paraflanması var. Eyni zamanda son zamanlar əlaqələr yaranıb, ticari əlaqələr var, alış-veriş var, gediş-gəliş var. Yəni, bir gün sülhün dərk edilməsi, sülhün baş tutması üçün şanslar daha çoxdur, nəinki savaşın olması. Düzdür, kövrək məqamlar da var, riskli məqamlar da var. Üstəlik, üçüncü tərəflərin təhriki ilə təhlükəli qarşıdurma və münaqişə ehtimalı da mövcuddur. Amma normalda tərəflər öz iradələri ilə hərəkət etsələr, düşünürəm ki, sülhə gedən yol daha yaxındır, nəinki yenidən münaqişəyə qayıtmaq. Sülhü təmin etmək daha doğrudur, nəinki yenidən münaqişəni başlatmaq. Odur ki, cəmiyyətlərə, məncə, belə mesajlar vermək özü doğru deyil. Yenidən gərginlik yaratmaq, yenidən münaqişənin alovlanmasına sanki şans-fürsət tanımaq kimi bir şeydir bu yanaşma.

"Məncə, daha çox pozitiv olmaq və bölgədə, bütün ölkələrdə, Cənubi Qafqazda sülhün təmin olunmasına, sülhün necə dəyərli olduğunu, onun əbədi olmasına səy göstərmək lazımdır. Yəni, tərəflər bu istiqamətdə çalışacaqlarsa, mən düşünürəm ki, müharibə riski olmayacaq", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31