Prezidentinin etirazı ilə Milli Məclisə qaytarılmış qanun qəbul edildi
12:25 SiyasətAzərbaycan Respublikası Prezidentinin etirazı ilə Milli Məclisə qaytarılmış qanun aidiyyəti dövlət orqanları ilə yenidən müzakirə olunaraq təkmilləşdirilib. "Olaylar" xəbər verir ki, Prezidentin köməkçisi Şahmar Mövsümov Milli Məclisin payız sessiyasının ilk iclasında qanunun yeni redaksiyası barədə məlumat verib.
Söhbət Vergi və Miqrasiya məcəllələrində, "Sosial sığorta haqqında", "Gömrük tarifi haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Dövlət satınalmaları haqqında" qanunlarda dəyişiklikləri nəzərdə tutan sənəddən gedir. 2026-cı il iyulun 14-də qəbul edilmiş 453-VIIQD nömrəli qanun Konstitusiyanın 110-cu maddəsinə uyğun olaraq parlamentə geri qaytarılıb.
Şahmar Mövsümov bildirib ki, qanuna yenidən baxılması onun müddəalarının təkmilləşdirilməsinə, dövlət dəstəyinin hədəflərinin və tətbiq mexanizmlərinin dəqiqləşdirilməsinə imkan yaradıb.
Onun sözlərinə görə, layihə yalnız ayrı-ayrı vergi və sosial güzəştlərlə məhdudlaşmır. Sənəd rəqəmsal ekosistem üçün vacib olan mütəxəssis, investor, tədqiqat və bazar fəaliyyətlərini vahid təşviq yanaşmasında birləşdirməyi, innovasiyaların yeni məhsul və xidmətlərə çevrilməsinə şərait yaratmağı hədəfləyir.
Prezidentin köməkçisi qeyd edib ki, qanun Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində də müzakirə olunub və müvafiq rəy hazırlanıb: "Qanunun təkmilləşdirilmiş redaksiyası tərəfimizdən dəstəklənir və hörmətli millət vəkillərini bu redaksiyanı dəstəkləməyə çağırıram".
Qanun layihəsi səsə qoularaq qəbul edilib.