Milli Məclisin komitələrinə əlavə səlahiyyət verilməsi təklif olunub
11:55 SiyasətMilli Məclisin komitələrinə fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə bəyanat yaymaq səlahiyyəti verilməsi təklif olunub. "Olaylar" xəbər verir ki, deputat Sahib Alıyev bunun üçün "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" qanunun 6-cı maddəsinə dəyişiklik edilməsini zəruri sayıb. Deputat bildirib ki, son illərdə Milli Məclisin parlament diplomatiyası, siyasi-ideoloji və kommunikativ fəaliyyətində uğurlu yeniliklər var. Parlament adından yayılan bəyanatlar da bu istiqamətdə mühüm rol oynayır.
Onun fikrincə, mövcud reallıq və güclü parlament ənənələri olan ölkələrin təcrübəsi nəzərə alınaraq komitələrə də aidiyyəti məsələlərə daha operativ reaksiya vermək imkanı yaradılmalıdır: "Məsələn, üzvü olduğum İctimai birliklər və dini qurumlarla iş komitəsi Azərbaycanda dini azadlıq sahəsində vəziyyətlə bağlı qərəzli hesabata öz reaksiyasını nədən bəyanatla bildirməsin? Məncə, bu, hər halda deputatların təklikdə reaksiyalarından daha təsirli olar".
Deputat qeyd edib ki, qanunun 6-cı maddəsində komitələrin yalnız rəy və qərar vermək səlahiyyəti nəzərdə tutulduğundan təklifin həyata keçirilməsi üçün həmin maddəyə dəyişiklik edilməlidir.