“Sülh sənədinin ancaq üz qabığı var, vərəqləri boşdur” - Rusiya nəşri 

"Novaya qazeta" Azərbaycan-Ermənistan münasibətlərində yeni siyasi ritorikanın arxasındakı ziddiyyətlərə diqqət çəkib

Rusiyanın müstəqil nəşri kimi fəaliyyət göstərən "Novaya qazeta" Azərbaycan-Ermənistan münasibətlərində son günlər yaranan mübahisələri təhlil edən geniş məqalə yayıb.

Musavat.com xəbər verir ki, nəşrin müəllifi Vadim Dubnov yazıda Qarabağdakı diplomatik səfərlər, Qafqaz Albaniyası irsi ətrafında mübahisələr və Bakı ilə İrəvan arasında sülh prosesinin gələcəyi barədə fikirlər səsləndirib.

Məqalənin diqqət çəkən tərəfi ondan ibarətdir ki, müəllif Azərbaycan tərəfinin mövqeyini də ayrıca təqdim edir. Xüsusilə Qarabağa xarici diplomatların səfərləri məsələsində Bakının mövqeyi aydın ifadə olunur. Azərbaycanlı politoloq Fərhad Məmmədovun açıqlamasına istinad edən nəşr yazır ki, azad edilmiş ərazilərə diplomatik korpus nümayəndələrinin səfərləri Azərbaycanın suveren hüququdur və bu səfərlər bölgədə müharibənin nəticələrinin, dağıntıların, bərpa prosesinin və mina probleminin nümayiş etdirilməsi məqsədi daşıyır. Bu yanaşma Azərbaycanın Qarabağ məsələsinə münasibətinin əsas xəttini də göstərir: Bakı Qarabağı Azərbaycan ərazisi kimi təqdim edir və burada həyata keçirilən diplomatik tədbirlərin başqa ölkələrin siyasi iradəsindən asılı olmadığını bildirir.

"Novaya qazeta"nın yazısında Qafqaz Albaniyası mövzusunun da son dövrdə Azərbaycan-Ermənistan informasiya qarşıdurmasının yeni istiqamətlərindən birinə çevrildiyi qeyd olunur. Nəşr Bakının Qarabağın xristian irsi ilə bağlı öz yanaşmasını önə çıxardığını və bu sahədə alban irsinin araşdırılmasına daha çox diqqət ayırdığını yazır. Məqalədə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun fikirlərinə də yer verilir. O, Qafqaz Albaniyası ətrafındakı mübahisənin sırf tarix məsələsi olduğunu bildirir. Eyni zamanda keçmiş nazir delimitasiya, anklavlar və regiondakı kommunikasiya məsələlərini də gündəmə gətirir.

Nəşr yazır ki, hazırkı vəziyyətdə tərəflərin sülh barədə verdiyi bəyanatlarla cəmiyyətdəki yanaşmalar arasında müəyyən ziddiyyət qalmaqdadır. Müəllifin fikrincə, sülh prosesinin zahiri çərçivəsi formalaşsa da, onun məzmununu müəyyən edən bir sıra məsələlər hələ də açıq qalır.
Müəllif Azərbaycanın hərbi qələbədən sonra da prosesdə aktiv qalmasının səbəblərini izah etməyə çalışır. Onun qənaətinə görə, Bakı artıq müharibədə əldə etdiyi nəticələrin siyasi və regional nəticələrinin də möhkəmləndirilməsinə çalışır. Bu baxımdan Azərbaycan üçün əsas məsələ yalnız müharibənin bitməsi deyil, postmüharibə reallıqlarının qəbul etdirilməsidir. Sülh prosesində əsas paradoks da məhz burada yaranır. Tərəflər arasında müharibənin yenidən başlamaması barədə siyasi iradə və müəyyən anlaşmalar mövcud olsa da, müharibədən sonrakı düzənin bütün elementləri hələ tam rəsmiləşməyib.

"Novaya qazeta"nın yazısında da məhz bu məqam vurğulanır: sülh sənədini "üz qabığı" mövcuddur, amma onun səhifələr boşdur və hələ belə də qalacaq..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31