Papuaşvili Aİ-ni müxalifətin təhqiramiz davranışlarını həvəsləndirməkdə günahlandırıb – ÖZƏL
12:44 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədəki bəyanatında musiqiçi Aleksandr Kordzaya (Kordz) və sabiq prezident Mixail Saakaşvilinin xalqı təhqir etməsini kəskin pisləyərək, Avropa İttifaqının bu proseslərə verdiyi dəstəyi tənqid edib.
Papuaşvilinin sözlərinə görə, Aİ tərəfindən maliyyələşdirilən tədbirdə xalqı söyən bir musiqiçinin konsertinin planlaşdırılması cəmiyyətdə haqlı narazılıq doğurub. Spiker bildirib ki, Aİ-nin Gürcüstandakı nümayəndəliyinin söyüş və təhqirləri "yaradıcılıq azadlığı" kimi qələmə verməsi təhqir müəllifini siyasi baxımdan həvəsləndirib və müxalifətin mümkün üzrxahlıq addımının qarşısını alıb.
Papuaşvili əlavə edib ki, zorakılıq və təhqirlərin Aİ tərəfindən bəraət qazanması xalqı söyən yeni şəxslərin və polislərə hücum edən yeni zorakıların ortaya çıxmasına zəmin yaradır. Gürcüstanlı siyasətçi Avropa İttifaqını insan hüquqlarını və ifadə azadlığını müdafiə edərkən eyni zamanda vətəndaşların təhqir olunmasını və zorakılığı qınamaqda ardıcıl olmağa çağırıb.