BİZ BİRLİKDƏYİK - SİZ İSƏ NƏ QƏDƏR İSTƏSƏNİZ ...! – CAVİD İSMAYIL YAZIR
27 Sentyabr 21:00 SiyasətTürk düşmənləri yenə iş başındadır.
Bu dəfə də hədəf bəllidir - Türkiyə-Azərbaycan qardaşlığı və güclənən Türk birliyinə zərbə endirmək!
Son zamanlar mütəşəkkil şəkildə sosial şəbəkələrdə yayılan bəzi yazı və şərhlərə baxanda adamın ağlına yalnız bir sual gəlir - Nə üçün bu qədər səs-küy salırsınız? Nə üçün Azərbaycanla Türkiyənin münasibətlərində olmayan problemləri varmış kimi göstərməyə çalışırsınız?
Eşidin və qulağınızda daimi olaraq sırqa edib saxlayın. Türk düşmənləri, nə etsəniz də, bu qardaşlığa zərbə vura bilməyəcəksiniz! Bacarmayacaqsınız!
Mən sosial şəbəkələrdə Azərbaycan-Türkiyə birliyinə qarşı aparılan məqsədli kampaniyaların arxasında dünyada Türk sözündən hürkən bütün dövlətlərin xüsusi xidmət orqanlarının birləşərək, məqsədli olaraq bu kampaniyanı apardığına əminəm.
Türk düşmənləri məqsədli olaraq Türk dünyasının güclənməsini istəməyən məkrli, qara və xain qüvvələrin bölgədəki siyasəti onsuz da hər kəsə məlumdur. Lakin əsas dediyim qüvvələr və maraqlar olsa da, az da olsa adı özümüzdən, dini güya müsəlman olan, əslində cahil və nadan olanlar da var ki, bu xain qüvvələrin bilərəkdən və bilməməkdən dəyirmanına su tökür.
İndi sözüm sizlərədir.
Azərbaycanın nümayəndə heyəti hansısa tədbirdə oturubsa, deməli, bu belə də olmalıdır!!! Böyük siyasət adi gözlə görünmür. O ki qala, dünya düzəninə kor olan cahil və nadanların gözləri ilə heç görünsün!
İndi isə özünü müsəlman adlandıran bu cahil və nadanlara sualım var.
Azərbaycan torpaqları Rusiyanın birbaşa dəstəyi ilə ermənilər tərəfindən 30 il işğal altında qalanda harada idiniz? Qəbirlərimiz, məscidlərimiz dağıdılarkən, məscidlərimizə donuz bağlayaraq bütün İslam dünyasını təhqir edərkən, dini və tarixi abidələrimiz məhv edilərkən niyə səsinizi çıxarmırdınız?
Kar olmuşdunuz, yoxsa kor?
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törədilən faciələrə münasibətdə bu qədər həssas idinizmi? Bu gün Fələstin məsələsini dilə gətirənlərin bir hissəsi həmin illərdə Azərbaycanın yaşadığı faciələr qarşısında niyə eyni həssaslığı göstərmirdi?
Daha bir sual.
İranın Ermənistanla münasibətlərinə, xüsusilə Azərbaycan ərazilərinin işğalı dövründə Ermənistanla iqtisadi və digər əlaqələrinə niyə etiraz etmirdiniz?
İranın Ermənistanla sərhəd-keçid və iqtisadi əlaqələrinin mövcud olduğu, müxtəlif dövrlərdə Ermənistanın enerji və digər ehtiyaclarının İran üzərindən təmin edildiyi hamıya məlum olduğu halda niyə susurdunuz? Hətta Azərbaycanın qəhrəman ordusu 44 günlük savaş edərkən, gecəli-gündüzlü İran tərəfindən ermənilərə bütün dəstək göstərilərkən niyə lal oldunuz? Kor gözlərinizlə görmürdünüz ki, İran yanacağı erməni tanklarına tökülür və o tanklar Azərbaycana qarşı atəş açır? Kar oldunuz, eşitmədiniz ki, bu şərəfli savaş zamanı İran molla rejimi öz sərbazlarını şanlı Türk əsgərinin qarşısına öz torpağımızda çıxartdı ki, ermənilərə dəstək olsun?
Azərbaycanın işğal olunmuş torpaqlarında yaşanan dəhşətlərə gələndə niyə səsiniz çıxmırdı? Ermənilər bütün işğal olunmuş ərazilərdə, o cümlədən Qarabağda qız-gəlinimizin namusuna sataşanda, hamilə qadınlarımızın qarnını süngü ilə yırtıb bətnindəki övladlarını deşik-deşik edəndə, uşaqlarımızı diri-diri torpaq altına göməndə, borulara doldurub qaynaqlayanda, körpə uşaqları divara diri-diri pərçimləyəndə, cavan oğullarımızın başını kəsib qanını axıdanda, sinələrinə xaçı dağlayıb vuranda, ahıl-ağsaqqal ata-babalarımızı, ağbirçək nənələrimizi min bir müsibətlə qətlə yetirəndə harada idiniz?
Xocalı soyqırımına niyə etiraz etmədiniz?!
Azərbaycana qarşı bu müsibətləri açan ermənilərə adda müsəlman olan, amma İngiltərənin MI6 xüsusi kəşfiyyat təşkilatının mühafizəsi ilə, Fransadan gələn təyyarə ilə, İraqla müharibə zamanı güya "Amerika böyük şeytandır və İranın düşmənidir" deməklərinə baxmayaraq məhz Amerikadan gizli şəkildə silah alaraq müsəlman qanını axıdan bu rejimə səsinizi niyə çıxartmadınız?
İndi siz guya ki, müsəlmansınız? İndi birdən-birə "müsəlman həmrəyliyi" yadınıza düşüb? İslamın ədalət anlayışı yalnız siyasi baxımdan sizə sərf edən məsələlərdəmi xatırlanmalıdır?
Fələstin məsələsinə gələndə isə gəlin faktlarla danışaq.
Azərbaycan Fələstini dünən tanımayıb. Azərbaycanla Fələstin arasında diplomatik münasibətlər 15 aprel 1992-ci ildə qurulub. Azərbaycan bu gün də Fələstin dövlətinin müstəqilliyini və paytaxtı Şərqi Qüds olan iki dövlət prinsipinə əsaslanan həlli dəstəkləyir.
Bəs Azərbaycan Fələstin üçün konkret nə edib?
Azərbaycan Fələstin xalqına milyonlarla dollar maliyyə və humanitar yardım göstərib. 2013-cü ildə Fələstinə 5 milyon dollar maliyyə yardımı ayrılıb. 2023-cü ildə bölgədə eskalasiya başladıqdan sonra isə əlavə 2 milyon dollar humanitar yardım göstərilib və bu yardımın bir hissəsi BMT-nin UNRWA təşkilatı vasitəsilə həyata keçirilib.
Azərbaycan bununla da kifayətlənməyib. Fələstində 600 şagird üçün məktəb tikintisini öz üzərinə götürüb. Fələstinli tələbələrə təhsil imkanları yaradıb. "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" çərçivəsində fələstinli tələbələr Azərbaycanda təhsil alıb.
Ramallahda Azərbaycanın Təmsilçilik Ofisi açılıb. Azərbaycan dövləti Bakıda Fələstin səfirliyinin xərclərinin qarşılanmasına da dəstək verib.
İndi mən sizdən soruşuram - bütün bunları bilmirsiniz? Bilmirsinizsə, niyə danışmadan əvvəl araşdırmırsınız? Bilirsinizsə, niyə görməzdən gəlirsiniz?
Azərbaycan Fələstin xalqının yanında olduğunu yalnız sözlə deməyib, bunu diplomatik münasibətləri, maliyyə yardımı, humanitar dəstəyi, təhsil proqramları və məktəb tikintisi kimi konkret addımlarla göstərib.
Bəs siz Azərbaycanı Fələstin məsələsində ittiham etməzdən əvvəl özünüz Fələstin üçün nə etmisiniz?
Klaviatura arxasında Türkə hürməkdənsə, əlinizə silah alıb gedib din qardaşları yanında durardınız. Niyə etmədiniz?
Əgər həqiqətən insan faciəsinə görə narahatsınızsa, bu narahatlıq niyə yalnız bir istiqamətdə özünü göstərir?
Yeri gəlmişkən, Fələstin rəhbərliyinin Ermənistanla münasibətlərinə gələndə niyə səsiniz çıxmırdı? 21 iyun 2024-cü ildə Fələstin Xarici İşlər və Ekspatriantlar Nazirliyi Ermənistanın Fələstin dövlətini tanımasını alqışlayaraq erməni və Fələstin xalqları arasında "dərin tarixi və qardaşlıq əlaqələrinin" olduğunu xüsusi olaraq vurğuladı. Fələstin tərəfi Ermənistanın bu qərarını yüksək qiymətləndirdi və bunu iki xalq arasında mövcud olan tarixi münasibətlərlə əlaqələndirdi. Cəmi bir neçə gün sonra, 25 iyun 2024-cü ildə Mahmud Abbas Ermənistan Prezidenti Vaaqn Xaçaturyana ayrıca təşəkkür etdi, Ermənistanın Fələstini tanımasının iki ölkə və Fələstin və erməni xalqları arasında dostluq və hörmət münasibətlərinin dərinliyini təsdiqlədiyini bildirdi və Fələstin-Ermənistan münasibətlərinin daha da inkişaf edəcəyinə ümid etdiyini açıqladı.
İndi mən sizdən soruşuram - bəs onda harada idiniz? Niyə həmin vaxt klaviaturalarınız susurdu? Niyə Fələstin rəhbərliyinin Ermənistanla münasibətlərinə, erməni xalqı ilə "dərin tarixi və qardaşlıq əlaqələri" ifadəsini işlətməsinə qarşı bu gün Azərbaycan-Türkiyə münasibətlərinə görə göstərdiyiniz həssaslığın heç birini göstərmirdiniz? Niyə o zaman "müsəlman həmrəyliyi", "din qardaşlığı", "ədalət" və "insanlıq" sözlərini bu qədər ucadan səsləndirmirdiniz? Yoxsa sizin həssaslığınız yalnız Azərbaycan və Türkiyə bir yerdə dayananda, Türk dünyasının birliyi güclənəndə işə düşür?
Əgər dini dəyərləri müdafiə edirsinizsə, Azərbaycanın məscidlərinə, qəbiristanlıqlarına və dini irsinə qarşı törədilən təhqirlərə niyə münasibət bildirmirdiniz?
Daha bir məsələ də var.
Tehranda Aşura və Tasua günlərində keçirilən tədbirlərlə bağlı yayılan görüntülər və İranın həmin dövrdə erməni idman tədbirlərinə ev sahibliyi etməsi ətrafında da suallar yaranmışdı. Dini mərasimlərin keçirildiyi günlərdə belə bir tədbirin keçirilməsinə münasibətdə niyə eyni həssaslığı göstərmirdiniz?
Bunların hamısını yaxşı bilirsiniz və görürsünüz. Sadəcə məsələ başqa yerdədir. Məsələ Türkiyə-Azərbaycan qardaşlığındadır. Sizin əsas narahatlığınız bu birliyin möhkəmlənməsidir!
Çünki güclü Azərbaycan, güclü Türkiyə və getdikcə daha sıx əlaqələnən Türk dünyası bölgədə yeni geosiyasi reallıq yaradır. Bu reallıq isə bütün Türk düşmənlərini narahat edir.
Amma nə etsəniz də, Türkiyə-Azərbaycan qardaşlığını sarsıda bilməyəcəksiniz. Bu qardaşlıq bir sosial şəbəkə paylaşımından yaranmayıb ki, bir neçə paylaşım və saxta hay-küylə də dağılsın.
Bu qardaşlığın arxasında tarix var, qan var, ortaq yaddaş var, ortaq dəyərlər var, milli kimliyə və dədə ruhuna sadiqlik var!
Biz Türklərdə yaxşı bir deyim var: "İT HÜRƏR KARVAN KEÇƏR!"
Siz işinizdə olun!
Amma bilin, Azərbaycan və Türkiyə birdir. Azərbaycan və Türkiyə bütün istiqamətlərdə birlikdədir. Narahat olmağa haqqınız da var, olun narahat - BU BİRLİK DÜNYA VAR OLDUQCA DAVAM EDƏCƏK!
Siz isə nəqədər ... davametsıniz də, Türk dünyasının qarşısında açılan yeni yol bağlanmayacaq.
Çünki Türkün birliyi kiminsə icazəsi ilə yaranmayıb ki, kiminsə təzyiqi ilə də yox olsun.
NƏ MUTLU TÜRKƏM DEYƏNƏ!!!