İki qardaş xalqın arasını vurmağa çalışırlar- ÖZƏL

"Tarix boyunca Azərbaycan-Türkiyə münasibətləri ən ağır sınaqlardan keçsə də, Bakı hər zaman qardaşlıq bağlarını və strateji maraqları hər şeydən uca tutmağı bacarıb. 2008-2009-cu illərdə "futbol diplomatiyası" adı altında Abdullah Gülün İrəvana səfəri və ardınca Sürix protokollarının imzalanması gündəmə gələndə, torpaqlarımızın 20 faizi hələ də işğal altında idi. Rəsmi Ankaranın təcavüzkar Ermənistanla sərhədləri açmaq təşəbbüsü qardaşlıq ruhuna ağır zərbə vursa da, Azərbaycan heç vaxt Türkiyəni "xəyanətkar" elan etmədi, məsələni soyuqqanlılıqla və pərdəarxası diplomatik kanallarla nizama saldı.Tarix və sonradan baş verənlər Azərbaycan diplomatiyası və strategiyasının daha doğru yolda olduğunu göstərdi". Olaylar xəbər verir ki, bunu siyasi şərhçi Zaur İbrahimli deyib:
"Eyni zamanda 1945-ci ildə baş verən və yaddaşlarda dərin yara buraxan Boraltan körpüsü faciəsi zamanı Sovet zülmündən qaçaraq Ankaraya sığınan 146 azərbaycanlı ziyalı və hərbçi Stalin rejiminə təhvil verilmiş və qarşı sahildə güllələnmişdi. Bu ağrılı hadisə xalqımızın qəlbində böyük kədər yaratsa da, Azərbaycan hər zaman bunu zamanın şərtləri ilə əlaqələndirib, qardaşlığı uca tutdu. Bu gün də eyni təmkin və strateji yetkin baxış sərgiləyir. Bu gün də Türkiyədəki bəzi dairələrin və media qurumlarının Azərbaycana qarşı apardığı sistemli informasiya müharibəsi ciddi suallar doğurur. Ən kritik məqamlarda belə  arxa çevirməyən, ortaq maraqları qoruyan rəsmi Bakıya qarşı yönəlmiş bu əsassız qarayaxma kampaniyası nə iki ölkənin birliyinə, nə də ortaq türk həmrəyliyinin gələcəyinə xidmət edir.
Şuşa Bəyannaməsi ilə rəsmiləşən və 44 günlük Vətən müharibəsində bütün dünyaya üçün nümunə olan sarsılmaz müttəfiqlik, qardaşlıq ucuz siyasi oyunlara və süni təfriqələrə qurban verilməməlidir. İki qardaş xalqın arasını vurmağa çalışan, heç bir məntiqi əsası olmayan bu düşmənçilik dalğası dərhal dayandırılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31