Kiyevə hücum nəticəsində Azərbaycan vətəndaşı həlak olub - Zelenski

Kiyevə hücum nəticəsində Azərbaycan vətəndaşı həlak olub.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabındakı paylaşımında qeyd edilib.

Onun sözlərinə görə, Rusiya bütün gecə və səhər saatlarında Ukraynanın müxtəlif bölgələrinə zərbələr endirib. Xarkovda çoxmərtəbəli yaşayış binasına endirilən zərbə nəticəsində ikinci və dördüncü mərtəbələr qismən dağılıb. 28 nəfər, o cümlədən 9 uşaq xəsarət alıb.

Zelenski bildirib ki, Odessa vilayətində Palau bayrağı altında üzən gəmiyə zərbə endirilib, Jitomir vilayətində isə dondurma istehsalı zavoduna ziyan dəyib. Sumi, Rivne, Xarkov və Odessa vilayətlərində də yaşayış binalarına zərbələr qeydə alınıb. Vinnitsa, Dnepropetrovsk, Xmelnitski və Zaporojye vilayətlərində kritik əhəmiyyətli infrastruktura ziyan dəyib.

"Hazırda onlarla yaralı barədə məlumat var. Təkcə Xarkova endirilən zərbə nəticəsində 28 nəfər, o cümlədən 9 uşaq xəsarət alıb. Təəssüf ki, ölənlər də var. Kiyev vilayətində iki nəfər həlak olub, onlardan biri Azərbaycan vətəndaşıdır. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm", - deyə Ukrayna Prezidenti bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31