27 sentyabr: Milli yaddaşdan dövlətçilik və həmrəylik mesajına- ÖZƏL

"27 sentyabr Azərbaycan tarixində yalnız 44 günlük Vətən müharibəsinin başladığı tarix deyil, həm də milli yaddaşın mahiyyətini dəyişən mühüm günlərdən biridir. 2020-ci il sentyabrın 27-də başlayan müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi və bu tarix sonradan Anım Günü kimi təsis edildi. Anım Gününün əsas mahiyyəti isə qələbəni yalnız hərbi nəticə kimi deyil, şəhidlərin fədakarlığı, xalqın həmrəyliyi və dövlətin iradəsi ilə əlaqəli tarixi hadisə kimi dərk etməkdir".

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:

"27 sentyabr milli yaddaş baxımından həm də gələcək nəsillərə ötürülən mühüm tarixi mesajdır. Çünki hər bir qələbənin arxasında insan taleləri, şəhidlərin həyatı, qazilərin mübarizəsi və bütövlükdə cəmiyyətin böyük səfərbərliyi dayanır. Bu baxımdan Anım Günü sadəcə keçmişi xatırlamaq deyil, dövlətçilik, vətənpərvərlik və milli məsuliyyət anlayışlarının cəmiyyətin yaddaşında möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Vətən müharibəsindən ötən dövr ərzində Azərbaycanın regional və beynəlxalq mövqeyində də mühüm dəyişikliklər baş verib. Ən fundamental dəyişiklik ondan ibarətdir ki, uzun illər Azərbaycanın xarici siyasətinin əsas məsələlərindən biri olan ərazi bütövlüyünün bərpası problemi artıq yeni mərhələyə keçib. 2023-cü ildə Azərbaycanın suverenliyinin bütün ərazisində təmin olunması ilə ölkənin qarşısında postmünaqişə dövrünün siyasi, iqtisadi və diplomatik vəzifələri dayanıb.
Bu dəyişiklik Azərbaycanın regional gündəlikdəki roluna da təsir göstərib. Bakı artıq yalnız münaqişənin nəticələrinin müzakirə edildiyi platformanın iştirakçısı deyil, Cənubi Qafqazda nəqliyyat, enerji, kommunikasiya və regional əməkdaşlıq məsələlərində təşəbbüslər irəli sürən əsas dövlətlərdən biridir. Azərbaycanın Zəngəzur dəhlizi, Orta Dəhliz, enerji layihələri və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq istiqamətində fəallığı ölkənin regional geosiyasi çəkisinin artması ilə müşayiət olunur.
Digər mühüm məqam Azərbaycanın beynəlxalq diplomatiyada gündəliyinin genişlənməsidir. Vətən müharibəsindən əvvəl əsas diqqət işğal faktının aradan qaldırılmasına və ərazi bütövlüyünün bərpasına yönəlirdisə, hazırda Azərbaycan sülh, regional bağlantılar, enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və yeni iqtisadi əməkdaşlıq formatlarını daha fəal şəkildə gündəmə gətirir.

Ona görə də 27 sentyabrı yalnız keçmişə baxış kimi qiymətləndirmək düzgün olmaz. Bu tarix həm də Azərbaycanın son illərdə keçdiyi böyük siyasi və tarixi transformasiyanın başlanğıc nöqtələrindən biridir. Şəhidlərin xatirəsini yaşatmaq isə yalnız onları yad etmək deyil, onların canları bahasına qorunan dövlətçilik, ərazi bütövlüyü və milli həmrəylik dəyərlərini gələcək nəsillərə ötürmək deməkdir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31