Prezident İlham Əliyev: TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
12:59 SiyasətTRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək.
Bu barədə Prezident İlham Əliyevin 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına cümə günü ünvanladığı müraciətində deyilir.
"Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilmişdir. Orta Dəhliz Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirir; formalaşmaqda olan Zəngəzur dəhlizi - TRIPP əlaqəlilik marşrutu kimi də tanınır - isə Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək və bütün Avrasiya məkanında ticarət, investisiya və sənaye əməkdaşlığı üçün yeni imkanlar yaradacaqdır.
Azərbaycan iqtisadiyyatı qlobal qeyri-müəyyənlik və geosiyasi çağırışlar fonunda yüksək dayanıqlıq nümayiş etdirmişdir. İqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasını təşkil edir və qeyri-neft sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. 2020-ci ildən etibarən qeyri-neft sektorunda real ÜDM artımı orta hesabla ildə 5 faiz təşkil etmiş, qeyri-neft sənayesi 1,5 dəfə artmış, qeyri-neft ixracı isə təxminən iki dəfə yüksəlmişdir. Nəticədə 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 72 faizə çatmışdır.
Bu dinamika sabit və proqnozlaşdırıla bilən biznes mühitinə əsaslanır. Ölkəmizdə təmin edilmiş makroiqtisadi sabitlik, investisiyaların qorunması və əlverişli sahibkarlıq mühiti investorların uzunmüddətli etimadı üçün möhkəm zəmin yaradır. Azərbaycanın strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, iqtisadi zonalarda yaradılmış müasir infrastruktur, vergi və gömrük güzəştləri, habelə dövlət-özəl tərəfdaşlığı mexanizmləri və tərəfdaş ölkələrlə təsis edilmiş birgə investisiya fondları investorlara dayanıqlı layihələrdə iştirak etmək və bütün regiona texnologiya, kapital və təcrübə gətirən tərəfdaşlıqlar qurmaq üçün geniş imkanlar açır.
Ölkəmizin qlobal strateji tərəfdaşlıqları və qeyri-neft sektoruna artan xarici investisiyalar emal sənayesi, ticarət, enerji, rəqəmsal transformasiya, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələrdə qlobal dəyər zəncirlərinə daha dərin inteqrasiyaya yol açır.
Bu müsbət meyillər beynəlxalq reytinq agentlikləri tərəfindən də etiraf olunmuşdur. "Fitch" və "Moodychr("39")s" agentlikləri Azərbaycanın suveren kredit reytinqlərini investisiya səviyyəsinə yüksəltmiş, növbəti dövr üzrə proqnozu müvafiq olaraq "sabit" və "müsbət" kimi qiymətləndirmişdir. Maliyyə dayanıqlığımız 2025-ci ilin sonunda ÜDM-in 110 faizini ötmüş strateji valyuta ehtiyatlarımızla da bir daha təsdiqlənir", - dövlətimizin başçısı qeyd edib.