Prezident İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır

Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır.

Bu barədə Prezident İlham Əliyevin 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına cümə günü ünvanladığı müraciətində deyilir.

"Baxışımız enerji təchizatından kənara çıxaraq yaşıl enerji dəhlizlərinin inkişafını da əhatə edir ki, bu da bərpa olunan enerjinin regional bazarlara inteqrasiyasına və Azərbaycan, geniş Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa arasında əlaqəliliyin möhkəmlənməsinə imkan verir.

Ənənəvi enerji sektoru ilə yanaşı, Azərbaycan emal sənayesi, nəqliyyat və logistika, bərpa olunan enerji, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı və qida emalı, turizm, infrastruktur və digər yüksək əlavə dəyərli sahələrdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yaranan bərpa və inkişaf imkanları da daxil olmaqla, mühüm imkanlar təklif edir. Qabaqcıl texnologiyalar gətirən, məhsuldarlığı artıran, ixtisaslı iş yerləri yaradan və regional və qlobal dəyər zəncirlərinə inteqrasiyamızı gücləndirən layihələrə xüsusi önəm verilir.

Müasir infrastruktur, sənaye parkları, Ələt Azad İqtisadi Zonası və dövlət-özəl tərəfdaşlığı mexanizmləri belə əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Biz bu alətləri təkmilləşdirməyə və investorlara uzunmüddətli layihələri əminliklə həyata keçirməyə imkan verən şərait yaratmağa davam edəcəyik.

İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır. Biz texnologiyanı, təcrübəni, innovasiyanı və yeni bazarlara çıxışı yüksək qiymətləndirir, investorlar üçün dayanıqlı dəyər yaradan, eyni zamanda Azərbaycan iqtisadiyyatının modernləşməsini və rəqabətqabiliyyətliliyini gücləndirən tərəfdaşlıqlara üstünlük veririk. 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bu tərəfdaşlıqların inkişafı üçün mühüm platformadır", - deyə dövlətimizin başçısı əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31