Azərbaycan–Səudiyyə Ərəbistanı Müştərək Komissiyasının 9-cu iclasının bu ilin sonunadək keçirilməsi nəzərdə tutulur - Samir Şərifov
20:10 SiyasətAzərbaycan-Səudiyyə Ərəbistanı Müştərək Komissiyasının 9-cu iclasının bu ilin sonunadək keçirilməsi nəzərdə tutulur.
Olaylar xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov Bakıda Səudiyyə Ərəbistanının Milli Günü münasibətilə keçirilən təntənəli mərasimdə deyib.
O bildirib ki, Əməkdaşlıq üzrə Müştərək Komissiya iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin dərinləşməsində mühüm rol oynayır və dövlət başçılarının əməkdaşlığın inkişafı ilə bağlı tapşırıqlarının icrasını təmin edən effektiv mexanizmlərdən biridir.
"Hazırda Komissiyanın növbəti iclasına hazırlıq mərhələsindəyik. Ümid edirik ki, bu ilin sonunadək Azərbaycan tərəfinin ev sahibliyi ilə keçirilməsi nəzərdə tutulan 9-cu iclas əməkdaşlığımızı keyfiyyətcə yeni məzmunla zənginləşdirəcək", - deyə Baş nazirin müavini vurğulayıb.
Samir Şərifov qeyd edib ki, Azərbaycan dövlətinin qərarına əsasən, 2026-cı ilin fevralından etibarən ilkin olaraq bir il müddətində ümumvətəndaş pasportuna malik Səudiyyə Ərəbistanı vətəndaşları Azərbaycana vizasız səfər edə bilərlər.
O, Azərbaycanın qarşılıqlı səfərlərin genişləndirilməsi istiqamətində praktiki fəaliyyətə tam hazır olduğunu bildirib.
Baş nazirin müavini zəngin mənəvi dəyərlərə və xalqların qardaşlığına söykənən Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə inkişaf edəcəyinə əminliyini ifadə edib.