Azərbaycan-Çin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib - Şahin Mustafayev

Azərbaycan-Çin münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Olaylar xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü münasibətilə Bakıda keçirilən tədbirdə deyib.

O bildirib ki, Çin Xalq Respublikası Prezident Si Cinpinin rəhbərliyi ilə ildən-ilə daha da güclənərək bu gün dünya miqyasında müasir dünya siyasətinin aparıcı dövlətlərindən biri kimi çıxış edir.

Şahin Mustafayev qeyd edib ki, Azərbaycan-Çin münasibətləri qədim tarixi köklərə və zəngin ənənələrə söykənir. Onun sözlərinə görə, ölkələr arasında mövcud olan yüksək qarşılıqlı etimad və dəstək beynəlxalq platformalarda da aydın şəkildə özünü göstərir.

"Əlaqələrimiz xüsusilə son illərdə daha da dinamik inkişaf edərək keyfiyyətcə yeni mərhələyə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradəsi və birgə səyləri bu baxımdan həlledici rol oynayıb", - deyə Baş nazirin müavini bildirib.

O vurğulayıb ki, 2025-ci ilin aprelində Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı ölkələr arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair Birgə Bəyanat imzalanıb.

Şahin Mustafayevin sözlərinə görə, ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyan bu tarixi sənəd dövlət başçılarının strateji baxışının mühüm nəticəsi olub.

"Ötən dövrdə dövlət başçıları səviyyəsində intensiv təmasların davam etdirilməsi, eləcə də müxtəlif səviyyələrdə müntəzəm qarşılıqlı səfərlər Azərbaycan-Çin münasibətlərinin yüksək dinamikasını bir daha nümayiş etdirir. Bu gün dövlət başçılarının tapşırıqlarına uyğun olaraq hərtərəfli strateji tərəfdaşlığımızın praktiki məzmunla zənginləşdirilməsi istiqamətində mühüm addımlar atılır", - deyə o əlavə edib.

Baş nazirin müavini siyasi dialoqun müsbət dinamikasının yüksək səviyyəli müntəzəm qarşılıqlı səfər və təmaslarda da öz əksini tapdığını bildirib.

"2026-cı ildə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında Xarici İşlər nazirləri, parlamentlərarası əlaqələr, Baş Prokurorluqlar və Müdafiə nazirlikləri xətti ilə bir sıra qarşılıqlı səfərlər həyata keçirilib. Partiya nümayəndə heyətlərinin müntəzəm qarşılıqlı səfərləri də ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır", - deyə Şahin Mustafayev qeyd edib.

O, siyasi dialoqla yanaşı, ticarət-iqtisadiyyat, investisiya, nəqliyyat-tranzit, yaşıl enerji, rəqəmsal inkişaf, mədəni-humanitar, turizm, regionlararası əlaqələr və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın da ardıcıl şəkildə genişləndirildiyini vurğulayıb.

Şahin Mustafayev bildirib ki, qarşıya qoyulan vəzifələrin praktiki müstəvidə həyata keçirilməsində Hökumətlərarası Birgə Komissiyanın fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Komissiya çərçivəsində əməkdaşlığın əsas istiqamətləri üzrə məsələlər mütəmadi nəzərdən keçirilir və gələcək addımlar müzakirə olunur.

Baş nazirin müavini Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlığının yüksələn xətlə və davamlı şəkildə inkişaf etdiyini də diqqətə çatdırıb.

"Çin ölkəmizin aparıcı iqtisadi və ticarət tərəfdaşlarından biri olduğu kimi, Azərbaycan da Cənubi Qafqaz regionunda Çinin əsas ticarət tərəfdaşıdır. Ticarət dövriyyəsi 2026-ci ilin 7 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz artaraq 2,16 milyard dollara çatıb", - deyə o bildirib.

Şahin Mustafayev qeyd edib ki, ticarət əlaqələrinin daha da genişləndirilməsi və Azərbaycan məhsullarının Çin bazarında təşviqi istiqamətində ardıcıl iş aparılır.

"Bu işdə 2018-ci ildən Çində fəaliyyət göstərən Azərbaycanın ticarət nümayəndəliyi, eləcə də ölkənin müxtəlif şəhərlərində yaradılmış 6 Azərbaycan Ticarət Evi mühüm rol oynayır", - deyə Baş nazirin müavini əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31